Formula-1 üzrə Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi işlərinə başlanılıb. SİA-nın məlumatına görə, sözügedən işlər may ayının 1-dək davam edəcək. Asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üç mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə- 15-19 aprel tarixlərində trekin 15 və 16-cı döngələri arasında yerləşən qənbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılacaq. 20-23 aprel tarixlərini əhatə edən ikinci mərhələdə qənbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək. Asfalt çəkilişinin sürətli şəkildə reallaşdırılması üçün 15-23 aprel tarixləri ərzində trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi və həmçinin buradan da Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Sonuncu mərhələyə aprelin 23-də start veriləcək. Mayın 1-dək davam edəcək proses çərçivəsində Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə baxış keçiriləcək və ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək.
Bu gün isə plana uyğun olaraq trekin Niyazi küçəsindən keçən qənbər daşlı hissəsinə asfalt örtüyününü çəkilməsi işlərinə start verilib.
İşlərin aparıldığı yerə gələn "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) yarış obyeklərinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə bildirib ki, ötən il də burada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına uyğun asfalt örtüyü çəkilib: "Yarış başa çatdıqdan sonra həmin asfalt qatı qopardıldı və qənbər daşlı hissədə heç bir zədə qeydə alınmadı. Asfalt qatlarından öncə qənbər daşlı hissənin üzərinə qoruyucu qat olaraq çınqıllar tökülür. İki təbəqədən sonra isə asfalt qatları çəkiləcək. İşlər FİA-nın standartlarına əsasən həyata keçirilir. Bu hissədəki asfaltlama işləri əsasən həftəsonu və növbəti hətfənin ilk günlərində aparılacaq ki, şəhər sakinlərinin hərəkətinə maneçilik törədilməsin".
Sözügedən işlərin 7 gün davam etməsinin planlaşdırıldığını deyən T.Butçer hava şəraitindən asılı olaraq bu müddətin dəyişə biləcəyini vurğulayıb: "Əgər hava şəraiti arzuolunan səviyyədə keçərsə, işləri 5 günə də tamamlaya bilərik. Bu işlərin 7 gündən daha tez başa çatdırılması üçün səy göstəririk".
Asfaltlama işlərinin yerli AZVİRT şirkəti tərəfindən aparıldığını qeyd edən BŞH rəsmisi sözügedən qurumun ötən il trekin bütün hissəsində asfalt qatının çəkilməsini həyata keçirdiyini bildirib.
O, Niyazi küçəsinin qənbər daşlı hissəsindəki asflat qatının növbəti illərdə də saxlanılması ilə bağlı səlahiyyətin onlara deyil, müvafiq dövlət orqanlarına aid olduğunu vurğulayıb.
T.Butçer trek ətrafındakı tribunaların tikintisinin "Bakı-2017" IV İslam Oyunlarının başlanmasından əvvəl yekunlaşdırılacağını da bildirib.
Qeyd edək ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisi iyunun 23, 24, 25-də keçiriləcək.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB