"Möhtəşəm atmosfer var idi. Buna görə də, azarkeşlərə minnətdarlıq edirəm". Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. DÇ-2018-in seçmə mərhələsində Almaniyanı qəbul edən yığmamız böyükhesablı məğlubiyyətə düçar olub – 1:4.
Matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi. Kimə qarşı oynadığımızı bilirdik. Amma müdafiəyə oturmadıq, hücumlar da etdik. Almaniya səhvləri bağışlamır. Komandamızla fəxr etmək olar".
- Renat Dadaşovun bu gün iştirak ərizəsində olmamasının səbəbi nə idi?
- Renatın 18 yaşı var və ilk dəfə idi ki, milli ilə bir yerdədi. Çox istedadlıdı. Gələcəkdə onu yığmada daha çox görəcəyik. Renatın təcrübəsi azdı, bu gün oynamaq onun üçün tez olardı. Amma gələcəkdə mütləq şans veriləcək.
- İki fərqli hissə izlədik. Bunun səbəbi almanların bizə imkan verməsi idi, yoxsa fasilədəki danışığınız oyunçulara müsbət təsir etmişdi?
- Gəlin, fərqli hissələri bir tərəfə qoyaq. Hesab 1:1 olarkən Əfran topu itirdi və qol oldu. Üçüncü qolda Qomesə yaxın oynamaq lazım idi. Fasiləyə 1:1 hesabı ilə getsəydik, başqa cür də ola bilərdi. Amma komandamdan tam razıyam və onlarla fəxr edirəm. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər.
- Məğlubiyyəti nə ilə əlaqələndirərdiz?
- Onlar bizdən daha üstün idilər. Futbolçuları Avropanın nəhəng klublarında çıxış edirlər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil.
- Oyun təcrübəsi olmayan futbolçular yenə start heyətində şans qazandılar. Əfran İsmayılov, Rahid Əmirquliyev və Qara Qarayev buna misaldı. Bu, oyunçu çatışmazlığından qaynaqlanır?
- Bu gün meydanda olanlar ən yaxşıları idi. Qara Qarayev bu gün mənim üçün meydanın ən yaxşısı idi. Rahid də əzmkar oynadı. Əfran fərqli futbolçudu. 90 dəqiqə onu meydanda görməyə bilərsiniz, amma bir hərəkətlə nəsə edə bilir. Vurduğumuz qolda da onun əməyi danılmazdı.
- Bəzi futbolçular komandaya tam uyğunlaşmırlar. Məsələn, Əfran İsmayılov çox top itirirdi. Biz Əfrana məcburuq, yoxsa başqa oyunçulara da şans veriləcək?
- Sizinlə razı ola bilmərəm. Mən Əfranla bağlı tam başqa cür düşünürəm. Əfran bizim üçün vacib oyunçudu. Düzdü, bu gün səhv etdi. Amma o meydanda olanda komanda daha özünəinamlı olur, hücuma meyilli olur və qeyri-adi hücumlar qurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB