Bakıda DGB-nin beynəlxalq hakimlik kursu keçirilib FOTOLAR - SƏS TV

Aprelin 26-29-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparacaq.

Yarışdan əvvəl isə, Bakıda Dünya Güləş Birliyinin növbəti hakimlik kursu təşkil olunub. Kurs DGB instruktorları Andrey Krikov (Rusiya) və Stanislav Sernek (Slovakiya) tərəfindən həyata keçirilir.

İki gün davam edən kursda 15 ölkədən 34 hakim iştirak edir. Azərbaycandan 8 hakimin də qatıldığı kursda Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Misir, Finlandiya və digər ölkələrin hakimləri təmsil olunur.

Hakimlik kursunun ilk günündə iştirakçılara nəzəri və praktiki biliklər verilib, güləş qaydaları izah edilib. Kursun ikinci günündə iştirakçılar test üsulu ilə yazılı imtahan verib. İmtahanı uğurla keçən III dərəcəli beynəlxalq hakimlər II dərəcəli beynəlxalq hakim statusu alacaq.

Məlumat üçün bildirək ki, hakimlik dərəcəsini III-dən II-yə yüksəltmək üçün DGB tərəfindən il ərzində iki beynəlxalq kurs təşkil edilir. Bu kurslardan birincisi bu ilin yanvar ayında Macarıstanda təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...