I Avropa Oyunları könüllülərə böyük təcrübə qazandırır FOTOREPORTAJ

I Avropa Oyunları könüllülərə böyük təcrübə qazandırır FOTOREPORTAJ

"Bakı-2015" I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasında könüllülərin xüsusi yeri var. Könüllü fəaliyyət göstərən gənclərə xüsusi təlimlər keçilib, müəyyən tapşırıqlar verilib. Hələ çoxu tələbə həyatı yaşayan bu gənclər "Bakı-2015"də könüllü fəaliyyəti ilə bir çox təcrübələrə, biliklərə yiyələnirlər. Onlar Avropanın bütün ölkələrindən gəlmiş xarici qonaqlarla birbaşa ünsiyyətdə olur, dil biliklərini artırır, Avropa mədəniyyəti ilə tanış olur, ciddi iş rejiminin nə demək olduğunu dərk edir, beynəlxalq qaydaları, kollektivdə işləməyi və s. öyrənirlər. Artıq ilk Avropa Oyunlarının 8-ci günüdür. Bu müddət ərzində Oyunlarda fəaliyyət göstərən könüllü gənclərin iş prinsipi və burada əldə etdikləri üstünlükləri öyrənmək üçün bir neçə könüllü ilə söhbət etdik:

Əliyeva Esmira - "Bakı-2015" ilk Avropa Oyunlarının könüllüsü

- Azərbaycan Dillər Universitetin jurnalistika fakültəsində təhsil alıram. İlk Avropa Oyunlarına oktyabr ayından qoşuldum və mətbuata dəstək sahəsində çalışıram. Bu Oyunlar mənim üçün çox yaxşı şansdır. Ona görə ki, həm yaxşı dostlar qazana bilirəm, həm də jurnalistlərlə işləyərək biliklərini artırıram. Həm də foto sahəsində çalışdığım üçün fotoqrafların işindən də müəyyən biliklər əldə edirəm. Gələcəkdə jurnalist kimi çalışanda mən bu təcrübəni tətbiq edə biləcəyəm.

Yusif Padarov - "Bakı-2015" ilk Avropa Oyunlarının könüllüsü

- Qafqaz Universitetinin 4-cü kursunda təhsil alıram. İlk Avropa Oyunlarında könüllü olaraq yerli və xarici jurnalistlərə köməklik edirəm. Heydər Əliyev adına idman Sarayında keçirilən yarışlarda fəaliyyət göstəririrəm. Burada beynəlxalq qaydaları, jurnalistlərin işini, idman növlərinin incləliklərini, yarışların təşkilini öyrənir, əlimdən gələn köməkliyi göstərirəm.

Şəhla Qəmərli - "Bakı-2015" ilk Avropa Oyunlarının könüllüsü

- Xəzər Universitetin tərcümə fakultəsində oxuyuram. I Avropa Oyunlarında könüllü olaraq tərcüməçi kimi fəaliyyət göstərirəm. Xarici qonaqlarla birbaşa ünsiyyətdə oluram. Bu isə mənə dil biliklərimi daha da artırmağa kömək olur. İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək mənim üçün çox böyük təcrübədir. Bu təcrübə gələcəkdə karyeramda müsbət rol oynayacaq.

Kainat Səlimov - "Bakı-2015" ilk Avropa Oyunlarının könüllüsü

- "Bakı-2015" I Avropa Oyunlarının könüllülərinə Kürdəmir rayonunun Şahsevən kəndindən qoşulmuşam. Həm nəqliyyat sahəsində oxuyuram, həm də çalışıram. İşimi daha da dərindən öyrənmək, daha çox təcrübə qazanmaq üçün ilk Avropa Oyunlarında bu sahədə könüllü kimi fəaliyyət göstərirəm. Burada bizə sertifikat da veriləcək. Həm də Azərbaycanımıza könüldən xidmət eləmək istəyirəm. "Bakı-2015"də nəqliyyat qrupunun üzvüyəm.

Cavid Yusifli - "Bakı-2015" ilk Avropa Oyunlarının əməkdaşı

- Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsiyəm. Masallı rayonunda yaşayıram. Tarixdə ilk dəfə keçirilən və ölkəmizdə təşkil olunan I Avropa Oyunları ilə 2012-ci ildən maraqlanmağa başlamışam. İnstituta qəbul olan kimi, könülü olmağa qərar verdim və çoxsaylı tədbirlərdə iştirak etdim. Sonradan isə mənim fəaliyyətimi qiymətləndirdilər və Universitetimizin Tələbə Həmkarlar Komitəsindən iş təklifi aldım. Artıq may ayından Heydər Əliyev adına İdman Sarayında fəaliyyət göstərirəm. Mənə əmək haqqı da verirlər. İşimiz xarici qonaqlarla əlaqə saxlamaq, onlara köməklik göstərməkdir. Xaricilərlə işləmək təcrübə baxımından gələcəkdə mənim karyeramın yüksəlməsinə çox kömək edəcək.

Xatırladaq ki, "Bakı-2015" ilk Avropa Oyunları iyun ayının 28-dək davam edəcək.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə