"Qəbələ" klubu qış transfer dövründə daha bir futbolçunu heyətinə cəlb edib. Siasport.az saytının məlumatına görə, rusiyalı Marat İzmaylov mövsümün sonunadək icarə əsasında "Qəbələ"də çıxış edəcək. Futbolçu ilə 2014-cü ilin iyun ayının 30-dək müqavilə imzalanıb. Son olaraq "Portu"nun şərəfini qorumuş M.İzmaylov yeni komandasında 7 nömrəli formada çıxış edəcək.
1982-ci ildə Moskvada anadan olan İzmaylov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Lokomotiv"in əvəzedici heyətində başlayıb. Moskva təmsilçisinin ikinci komandasında 18 oyun keçirən və 1 qola imza atan futbolçu qısa müddət sonra "Lokomotiv"in əsas heyətində debüt edib. "Dəmiryolçular"ın heyətində 7 il çıxış edən Marat bu müddət ərzində 2 dəfə Rusiya çempionluğu sevinci yaşayıb. O, 1 dəfə Rusiya Kubokuna, 2 dəfə isə Rusiya Superkubokuna sahib olub. 2007-ci ildən bu yana karyerasını Portuqaliyada davam etdirən İzmaylov "Sportinq" Lissabon (2007-2013) və "Portu"nun (2013) şərəfini qoruyub. Futbolçu "Sportinq"in heyətində 1 dəfə Portuqaliya Kubokunun, 2 dəfə isə Portuqaliya Superkubokunun qalibi olub. Marat Portuqaliya çempionluğu sevincini isə ötən mövsüm "Portu"da yaşayıb. O, bu komanda ilə həmçinin ölkə Superkubokuna da sahib olub.
35 dəfə Rusiya yığmasının formasını geyinən Maratın hesabında 2 qol var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB