Güləş üzrə Olimpiadaya son lisenziya turniri başa çatıb

Finlandiyada güləş üzrə London Yay Olimpiya oyunlarına lisenziya verən son təsnifat turnirinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, yarışa yollanan 5 idmançımızın heç birinin lisenziya qazanmaması 4 illiyin zirvə yarışında Azərbaycanın 13 güləşçi ilə təmsil olunacağını rəsmiləşdirib.

Xatırladaq ki, pəhləvanlarımız daha öncə yunan-roma güləşində 55, 60, 74, 84 və 96, sərbəst güləşdə 60, 66, 74, 84, 96 və 120, qadın güləşində isə 48 və 55 kq cəki dərəcələrində olimpiadaya vəsiqə qazanmışdı. Londonda qeyd ounan çəki dərəcələrində konkret kimlərin çıxış edəcəyi isə olimpiada öncəsi keçirilən təlim-məşq toplanışları və beynəlxalq turnirlərdən sonra dəqiqləşəcək. Finlandiyada qalan 5 çəkidə lisenziya qazanılmamasına AGF-in baş katibi Əjdər Cəfərov AGİN mətbuat xidmətinə verdiyi müsahibədə münasibət bildirib: "Olimpiya təsnifat turnirlərini keçmək heç də asan deyil. Bu turnirlər Avropa və Dünya çempionatlarından çox fərqlənir. Bu səpkili turnirlərdə şərtlər ildən-ilə daha da ağırlaşır. Ümumilikdə isə nəticə yaxşıdır. Düzdür, biz lisenziyaların sayının daha çox olmasını arzu edərdik. Amma, fikrimcə lisenziya sayı yox, olimpiadada qazanılacaq medal sayı daha önəmlidir". Finlandiya turnirində 55 kq çəkili sərbəst güləşçimiz Mahmud Məhəmmədovun üzləşdiyi haqsızlıq da diqqətdən kənarda qalmayıb. Əjdər Cəfərov bununla bağlı FİLA prezidentinə AGF rəhbərliyinin etirazını da çatdırıb. Sitat: "Mahmuda qarşı haqsızlıq oldu. Güləş federasiyasının prezidenti Fazil Məmmədov və vitse-prezident Namiq Əliyev yarış boyu daim nəticələrlə maraqlanırdılar. Mən Mahmuda qarşı olanları onların diqqətinə çatdıranda, hər ikisi mənə FİLA prezidenti Rafael Martinettiyə yaxınlaşıb, etiraz etməyimi tapşırdılar. Mən Rafael Martinetti ilə bütün detalları müzakirə etdim. Əslində bizim döşək üstündə olan hakimdən narazılığımız yox idi. Haqsızlıq bir qrup juri tərəfindən gəldi. Rafael Martinetti bir daha videoya baxacağını və günahkarları cəzalandıracağını bildirdi".

AGF-in baş katibi bəzi tanınmış idmançılarımızın imkanlarından aşağı səviyyədə çıxış etdiyini də sözlərinə əlavə edib və bundan sonra əsas diqqətin London Yay Olimpiya oyunlarına hazırlığa yönəldiləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...