"İnter Mayami"nin hücumçusu Lionel Messinin mühafizəçisi son matçda baş verən insidentdən sonra vəzifəsini yerinə yetirməkdən kənarlaşdırılıb. SİA xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. İyulun 31-nə keçən gecə Liqa Kubokunun 1-ci turu keçirilib və "İnter" Meksika “Atlas”ına 2:1 hesabı ilə qalib gəlib. Bu oyunda Messi iki məhsuldar ötürmə edib, onun cangüdəni Yasin Çeuko isə reqlamentin pozulmasına yol verib. Cangüdən hər iki komandanın oyunçuları arasında yaranan mübahisəni dağıtmaq üçün matçdan sonra meydana daxil olaraq “Atlas” oyunçularına təzyiq göstərib.
Meksika klubunun müdafiəçisi Mateus Doria qeyd edib ki, onun oyunçular arasında mübahisələr zamanı meydana girməyə haqqı yoxdur. "Mən başa düşürəm ki, Messinin mühafizəçisi onu mümkün azarkeş müdaxiləsindən qorumaq üçün oradadır. Amma oyunçular Messi ilə danışanda onun belə icazəsi yoxdur", - Doria deyib. Eyni fikri Liqa Kuboku nizam-intizam komitəsi də bölüşür və Messinin mühafizəçisinin turnirin sonuna qədər texniki yerlərdə görünməsinə qadağa qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə