Qubada 14 yaşadək qızlar arasında futzal turniri keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə 26-27 apreldə Qubada 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutacaq turnirin ilk günü 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq.

İştirakçılar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin reallaşmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə