Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri təlim-məşq toplanışlarına qatılacaqlar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaqlar. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, komanda üzvləri bu məqsədlə əvvəlcə Çin Xalq Respublikasına yollanıblar. Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar.

Onur Quluzadə ilə Yağmur Məmmədli ardınca qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaqlar.

Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə