"Ulu Öndərin dövlət siyasətində idman sahəsi xüsusi əhəmiyyətə malik olub" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan xalqının inkişafında bu dövlətin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Müasir Azərbaycanın yaranması Ulu Öndərin adı ilə bağlıdır. Müstəqillik dövründə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin ilk olaraq yaratdığı nazirlik 1994-cü ilin 26 iyununda Gənclər və İdman Nazirliyi oldu. Bu, özlüyündə Ümummilli liderin həm idmana, həm də gənclər siyasətinə olan diqqətinin bariz nümunəsidir. Ulu Öndər Azərbaycan idmanına, onun inkişafına və gənclərin təşəbbüslərinin dəstəklənməsinə dövlət qayğısının göstərilməsi üçün bu nazirliyi yaradıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bundan sonra hər üç ildən bir keçirilən Azərbaycan Gənclərinin Forumu və digər idman sahəsində görülən işlər Ulu Öndərin idmana, gənclərə sağlam həyat tərzinin aşılanmasına, genefondumuzun sağlam olmasına göstərdiyi xüsusi diqqətin nümunəsidir: "Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, idman qədər bir ölkənin atributlarını özündə əks etdirən ikinci bir vasitə tanımıram. Bir ölkənin tanıdılması, onun dünyada nüfuzunun artırılması üçün idman çox müstəsna əhəmiyyətə malikdir. 1997-ci ildə dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə ölkəmizdə bu sahə xüsusi inkişaf yoluna qədəm qoydu. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında qazandığı uğurlar, dünya və Avropa çempionatlarında əldə edilən böyük nəticələr, bölgələrdə olimpiya komplekslərinin tikintisi, ölkədə idman infrastrukturunun inkişafı və s. onu deməyə əsas verir ki, Heydər Əliyevin dövlət siyasətində bu sahə xüsusi rola malik idi. İdmançılarımız da Ulu Öndəri sevir və üzərlərinə qoyulan məsuliyyəti dərk edərək öz nailiyyətləri ilə bunu sübut etməyə çalışırlar. Hazırda Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bütün bunların bünövrəsini Ulu Öndər Heydər Əliyev qoyub".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə