Sosial-iqtisadi inkişaf strategiyası qarşıdakı 5 il üçün nə vəd edir? - ANALİZ

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan məsələlərlə bağlı növbəti yazımızda sosial sahədəki prioritetlərdən və sosial sahələr üzrə yeni inkişaf modelinin necə həyata keçiriləcəyindən danışacağıq.

2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcək. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaq.

Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaq. Rəqabətlilik ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə stabil artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacaq.

İqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşməsi hesabına artırılacaq. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqları olan insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik yüksək məhsuldarlığı təmin edəcək. İnkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcəkdir. Bu model hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaqdır. Yalnız bacarıqlar bütün sahələrdə uğurun fundamental şərti olacaq.

Yeni inkişaf modeli çərçivəsində, işğaldan azad olunmuş ərazilər də əhatə edilməklə vahid iqtisadiyyat‒müasir dəyər zənciri qurulacaq. Milli iqtisadiyyat dərindən şaxələnməklə qlobal dəyər zəncirinin ayrılmaz hissəsinə çevriləcək. Biznesin, ev təsərrüfatlarının və fərdlərin bütün bazarlarda effektiv fəaliyyəti üçün zəruri şərtlər təmin olunacaq, iqtisadiyyata cəlb edilən investisiyalar, mülkiyyətçilərin mülkiyyət toxunulmazlığı, iqtisadi maraqları, ölkənin tarixi milli dəyərləri qorunacaq və sosial-iqtisadi sahələr sürətlə müasirləşəcək.

Modelin aparıcı qüvvəsi olan Azərbaycan Respublikası vətəndaşının bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcək. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcəkdir. Ölkədə təbii resurslardan dayanıqlı istifadə etməklə, ekoloji mühiti qorumaqla iqtisadiyyatın effektivliyinə nail olunacaq. Yüksək inkişaf səviyyəsi eyni zamanda yüksək maddi və mənəvi rifahı təmin edəcək, dayanıqlı artan milli gəlirdən insanlar daha geniş şəkildə faydalanacaqlar.

Yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Strateji dövrdə sosial-iqtisadi inkişaf modeli əvvəlki dövrlərdə əldə edilmiş nailiyyətlərə əsaslanmaqla reallaşdırılacaq. Beynəlxalq nüfuza malik güclü lider, çətin dövrlərdə yüksək dövlət və vətəndaş həmrəyliyi, yeniliyə açıq və biliyi hər şeydən üstün tutan cəmiyyət, eləcə də uzun illər ərzində formalaşmış yüksək iqtisadi potensial yeni milli sosial-iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin təminatıdır.

Əlverişli demoqrafik vəziyyətin mövcudluğu, iqtisadi fəal gənc əhalinin işçi qüvvəsinin ümumi strukturunda yüksək paya malik olması və gənclər tərəfindən yeni innovativ metodların dərindən mənimsənilməklə tətbiqi daha effektiv nəticələrin əldə olunması üçün fürsətlər yaradır.

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivəyə əsasən əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6%-dən artaraq 80%-ə çatdırılacaq.

Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50% (2021-ci il üzrə: 46,9%) təşkil edəcək. Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək.

Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80%-də saxlanılacaq. Qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşdırılacaq. Qadınların cəmiyyətdə iqtisadi fəallığı artırılacaq, onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğu təşviq olunacaq. Qadınların uğurlu fəaliyyəti üçün peşə yönümü, karyera məsləhəti və digər aktiv məşğulluq tədbirləri genişləndiriləcək.

Qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti 2021-ci ildəki 65,8%-dən 80%-ə çatacaq. Şəhərlə kənd arasında yaşayış standartlarındakı fərqlər azaldılacaq. Regionların iqtisadi və təbii potensialından səmərəli istifadə ediləcək, özəl investisiyaların cəlbi təşviq olunacaq, yeni çağırışlara uyğun regional inkişaf mexanizmləri dövlət tərəfindən dəstəklənəcək. Nəticədə, ümumi məhsul buraxılışında regionların xüsusi çəkisi 35%-dən 42%-ə çatdırılacaq.

Göründüyü kimi, bu beşillikdə sosial inkişaf sahəsində inqilabi dəyişikliklərin baş verəcəyi gözlənilir. Azərbaycan bir sosial dövlət kimi, bu sahədə dünyanın qabaqcıl ölkələrindən bidir. Təsadüfi deyil ki, bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən ölkəmiz dünyada sosial ədalətlilik cəhətdən ən yaxşı ölkə kimi elan olunub. Bu bir daha göstərir ki, Azərbaycan artan iqtisadi gücündən əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün çox böyük miqyasda istifadə edir. Yaxın illərdə iqtisadi imkanların daha da artracağı şübhəsizdir, bu da dolayı yolla əhalinin sosial rifahının getdikcə daha yüksək səviyyədə olacağını deməyə əsas verir.

Qlobal iqtisadi və sosial böhranların səngimədiyi, əksinə getdikcə gücləndiyi bir dövrdə Azərbaycanın belə yüksək sosial-iqtisadi səviyyəsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətinin strateji məqsədlərini ortaya qoyur.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə