MGH-də “SOS Uşaq Kəndləri”nin anaları üçün təlim və tibbi müayinələr keçirilib - FOTO
28 oktyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində “SOS Uşaq Kəndləri”nin anaları üçün “Təməl həyata dəstək (BLS)” mövzusunda təlim və tibbi müayinələr həyata keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının anaları və digər nümayəndələr iştirak ediblər. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Təməl həyata dəstək (BLS)” mövzusunda keçirilən təlimin təcili hallarda ilkin yardım bacarıqlarının artırılması və həyat qurtaran müdaxilələrə hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarov “Təməl Həyata Dəstək” təlimini apararaq süni tənəffüs və avtomatik xarici defibrilyator cihazından istifadə qaydaları barədə nəzəri və praktiki bilikləri iştirakçılarla bölüşüb. Təlimin praktik hissəsində analar real manekenlər üzərində həyati vacib müdaxilə üsullarını tətbiq edərək bacarıqlarını möhkəmləndiriblər. Təlimdən sonra “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının anaları tibbi müayinələrdən keçiblər.
“SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının həkimi Anjela Əliyeva yeniyetmələrə göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə və həkimlərə dərin minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB