Məktəblilər narkotikanın yaratdığı təhlükələr barədə məlumatlandırılıblar - FOTO

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçilməsi üzrə Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına liseyin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Bu barədə SİA-ya Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Rayon Polis İdarəsinin məsul əməkdaşları və Heydər Əliyev adına liseyin direktoru çıxış ediblər.

Çıxışlarda narkotik asılılığın qlobal miqyasda yaratdığı təhlükələr, uşaq və gənclər arasında məlumatlılığın artırılmasının vacibliyi, yeni növ psixotrop maddələrin törətdiyi təhlükələr, eləcə də Dövlət Komissiyası tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə