“Konstitusiya suverenliyi və dayanıqlı inkişafı təmin edir” - Sauth Vong

“Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini qeyd etmək mənim üçün böyük şərəfdir. Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Birliyi Məclisinin və xalqının əldə etdiyi nailiyyətləri təbrik edir, sizə sülh, sağlamlıq və firavan inkişaf arzulayıram". SİA xəbər verir ki, bunu Kamboca Milli Məclisinin ikinci müavini Sauth Vong Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda deyib.

Cənab Sauth Vong çıxışında bildirib ki, Konstitusiya yalnız qanun məcmusu deyil, həm də xalqın müstəqilliyini, suverenliyini, dövlət idarəçiliyini və insan hüquqlarını təmin edən əsasdır: “Bu əsas dayanıqlı inkişafın təməlini təşkil edir. Hər bir dövlət, gücündən və ölçüsündən asılı olmayaraq, beynəlxalq hüquqda bərabər statusa malikdir və öz suverenliyini qorumaq üçün dayanıqlı və şəffaf idarəetmə təmin etməlidir”.

O, Azərbaycan Respublikasının müstəqil inkişafında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb: “Cənab İlham Əliyev ölkədə sülhün təmin edilməsində, ərazi bütövlüyünün qorunmasında və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayıb”.

Cənab Vong həmçinin Kamboca və Azərbaycan xalqlarının sülh və müstəqillik uğrunda oxşar tarixi yol keçdiyini vurğulayıb: “2025-ci il oktyabrın 26-da Malaysiyanın paytaxtı Kuala Lumpurda imzalanmış sülh sazişi ölkələr arasında davamlı sülhün təmininə xidmət edir”.

O çıxışında beynəlxalq çağırışlara da diqqət çəkib: “Müasir dünyada geosiyasi gərginliklər, dezinformasiya və regional münaqişələr ciddi risklər yaradır. Buna görə də biz sülhə, həmrəyliyə və xalqlar arasında birliyə təhdid yaradan yanlışlara qarşı çıxmalı və qanuni çərçivədə fəaliyyətimizi davam etdirməliyik. Konstitusiya bu baxımdan dövlətin dayanıqlığını təmin edən əsas qoruyucu və çərçivədir”.

Sauth Vong vurğulayıb ki, parlamentlər öz vəzifəsini Konstitusiya və xalq hüquqlarına uyğun şəkildə yerinə yetirməli, bütün müstəqil dövlətlərin suverenliyinə hörmət göstərməli və zorakılıq, təhdid və müdaxilələrə qarşı durmalıdır: “Suverenliyə hörmət, qanuna əsaslanan çoxşaxəli yanaşma və dialoqun davam etməsi bütün dövlətlər üçün dayanıqlı sabitliyin və davamlı inkişafın əsas şərtidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə