Əli Kərimli trollarının təhqirlərini sərtləşdirməyə məcbur edir

Tənqid və təhqir kampaniaysından AXCP sədrinin keçmiş müavini Asim Mollazadənin kənar qalması təəccüb doğurmaya bilməz

Müxalifət düşərgəsində baş verən qarşıdurmalar fonunda diqqətçəkən əsas məsələlərdəndə biri 9 fevral parlament seçkilərinə qatılan bəzi müxalif simaların və ya simasızların seçici rəğbəti qazanmaq üçün müxtəlif şoular yaradıb, məzhəkərlər qurmalarıdır. "Ümid" pariyasının ağ-qara libaslı sədri İqbal Ağazadənin namizədliyi qeydə alınan seçki dairəsi ərazisində, əlləm-qəlləm əməllər törətməsindən saytlar çox yazıb, bəzi narazı şəxslər kifayət qədər etirazlar sələndiriblər. İndi də, meydana Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə çıxıb. Bu, həmin A.Mollazadədir ki, 1994-cü ilin yanvarından - 2005-ci ilin aprelinədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuş, 2005-ci ildə isə, AXCP-dən ayrılaraq, Demokratik İslahatlar Partiyası adlı oyuncaq partiya yaradıb. A.Mollazadə AXC-Musavat hakimiyyəti dövründə əvvəl Prezident Aparatının analitik-informasiya şöbəsinin rəhbəri olub. O, istər hakimiyyət dövründə, istərsə də partiya sədrinin müavini olduğu dövrdə AXCP sədri Ə.Kərimlinin ən yaxın adamlarından biri kimin tanınıb. Demokratiyanın İnkişaf Fondunun rəhbərlərindən biri olaraq Asim Mollazadənin Beynəlxalq donor təşkilatları, xüsusilə də, ABŞ-da fəaliyyət göstərən ayrı-ayrı donor təşkilatları ilə sıx əlaqəsi olduğu və onlar vasitəsilə alınan qrantların Əli Kərimli və AXCP üzvlərinin yaratdığı ayrı-ayrı QHT-lərə ötürdüyü ilə bağlı, zaman-zaman mətbuatda yazılar dərc olunub. AXCP üzvləri tərəfindən çoxsaylı siyasiləşmiş QHT-lərin yaradılması da, məhz həmin dövrlərə təsadüf edir.

Alınan 95.000 ABŞ dolları məbləğində qrantın aqibəti bəlli olur

KXCP sədri Mirmahmud Mirəlioğlu mətbuata verdiyi açıqlamasında bildirib ki, "Azərbaycanda "Demokratiyanın İnkişaf Fondu" adlı bir fond var idi və fondun prezidenti Əli Məsimov, vitse-prezidenti də Asim Mollazadə idi: "O, fondun bütün maliyyə məsələlərinə Asim Mollazadə rəhbərlik edirdi. Fondun maliyyə vəsaitlərinin çoxu Əli Kərimli vasitəsilə Elçibəyin əleyhinə işlədilmişdi. Demokratiyanın inkişafına yox, Elçibəyə qarşı sərf olunmuşdu. Bunlar da bir tarixdi".

Araşdırmalar və faktlar təsdiq edir ki, Azərbaycanda Demokratiyanın İnkişaf Fondu 1995-ci ildə xaricdən mərhələlərlə 95000 ABŞ dolları məbləğində fakt alıb. Görəsən, bu məbləğ hara xərclənib? AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini A. Mollazadənin dediyinə görə, guya bu qədər məbləğ 1995-ci ildə parlament seçkiləri ilə bağlı respublikanın müxtəlif bölgələrində tədbirlərin keçirilməsinə və aparıcı (?) KİV-lərə xərclənib... Söhbət heç şübhəsiz ki, "Yurd" qruplaşmasına yaxın olan mətbuat orqanlarına edilən maddi yardımlardan gedir. Həmin mətbuat orqanlarının Ə.Kərimlinin inhisarında olduğunu xatırlatsaq, əlavə şərhə ehtiyac duyulmur. Bundan əlavə, parlament seçkiləri ərəfəsində respublikanın müxtəlif bölgələrində keçirilən tədbirlərdə də kimlərin siyasi maraqlarının müdafiə olunduğunu və təbliğ edildiyini nəzərə alsaq, bir çox qaranlıq məqamlar aydınlaşar və həmin məbləğin "Yurd" qruplaşması üçün xərcləndiyinə şübhə yeri qalmaz..."

AİHDK-nin sədri Çingiz Qəniyev "Ulus" qəzetinin 9 fevral 2000-ci il sayına açıqlamasında deyir: "95.000 dollar qrantın ADİF tərəfindən alındığı həqiqətdir. Bu, xarici mətbuat orqanlarında da öz əksini tapıb... Ancaq bu kimi məsələlərdə daha aktiv olan, qrantın xərclənmə istiqamətlərini təyin edən A.Mollazadədir. Heç kimə sirr deyil ki, A.Mollazadənin ayrı-ayrı xarici təşkilatlarla sıx əlaqəsi var... Hamıya aydındır ki, A.Mollazadə Ə.Kərimlini, demək olar ki, bütün xarici səfərlərdə müşayiət edir, onun görüşlərini təşkil edir və s... Mən deyə bilmərəm ki, həmin məbləğ 95-ci ildəki seçki kampaniyasına, KİV-lərə, mühafizəçilərin saxlanmasına və ya avtomobil alınmasına (?) xərclənib... Qrantlar təyinatı üzrə xərclənməlidir... Yəni qrantın KİV üçün ayrılan hissəsinin "Yurd"çuların dəsti-xəttini dəstəkləyən mətbuat orqanlarında xərcləndiyi şübhəsizdir. Yaxşı olardı ki, Asim Mollazadə bu barədə qəzetlərin birində açıqlama versin... Hər halda həmin məbləğın bir hissəsinin şəxsi ciblərə axdığını istisna etmirəm".

Bu qarşılıqlı "sevginin" altında nə dayanır?

"Yeni Müsavat" qəzeti 27 iyul 2002-ci il. "Cəbhənin taleyi cəbhəçi gözündə" Ədalət Talıblı: "Elçibəyin Bakıda olmamasından yararlanaraq, 1995-ci ildə partiya rəhbərliyini ələ keşirmiş, "Yurd"un özünün başçısı (Əli Kərimli), Elçibəyi lider kimi qəbul etməyən öz rayon şöbələri, özünün möhkəm maliyyə qaynaqları (daha çox Asim Mollazadənin xəttilə) və özünün geniş təbliğat şəbəkəsi vardı." "Yurd" qruplaşmasının əsas qrant daşıyanı olan A.Mollazadə ilə bağlı mətbuatın arxivində kifayət qədər bu kimi məlumatlar tapmaq mümkündür. Bu gün AXCP-ni tərk edən və bundan sonra ayrıca partiya yaradan kifayət qədər siyasilər var. Bunların içərisində KXCP sədri Mirmahmud Mirəlioğlunu, BAXCP sədri Qüdrət Həsənquliyevi, BQP sədri Fazil Qəzənfəroğlunu, MDHP sədri Fərəc Quliyevi göstərə bilərik. Adlarını çəkdiyimiz şəxslərdən hər birinin AXCP-dən ayrıldıqları dövrdən bu günə qədər Ə.Kərimli ilə bağlı zaman-zaman çox sərt bəyənatlarının olduğunun şahidi olmuşuq. Öz növbəsində, Ə.Kərimlinin də adları çəkilən eks cəbhəçilərlə bağlı kifayət qədər tənqidi müsahibələri olub. Ə.Kərimli trolları vasitəsilə eks cəbhəçilərə qarşı aparılan kampaniya bu gün də davam edir. Belə ki, istər M.Mirəlioğlunun, istər Q.Həsənquliyevin, istər F.Qəzənfəroğlunun, istərsə də F.Quliyevin mətbuat səhifələrində gedən çıxışlarındakı şərh bölmələrinə baxsaq, AXCP üzvləri tərəfindən adları çəkilən şəxslərə qarşı necə kampaniya aparıldığının şahidi olarıq. Maraqlısı odur ki, mətbuatın arxivində bu günə qədər A.Mollazadənin Ə.Kərimlini tənqid edən və əksinə, Ə.Kərimli tərəfindən A.Mollazadə ilə bağlı tək bir məqaləyə, çıxışa belə rast gəlmək mümkün deyil. Görəsən, niyə? Bu qarşılıqlı "sevginin" arxasında nə dayanır? Keçmiş dost münasibətlərmi? Yoxsa A.Mollazadə öz əlaqələrindən istifadə edərək, bu gün də "şefi" Ə.Kərimlini maliyyələşdirməkdə davam edir? Maraqlı sualdır və yəqin ki, günlərin birində bu münasibətlərdəki qaranlıq məqamlar da işıq üzünə çıxacaqdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...