“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qəbələdə növbəti tədbir keçirib

Qəbələ rayonu Nic qəsəbəsində “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin nümayəndəsi Rəşad Nəbiyev, Qəbələ Rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Alban-udi xristian dini icmasının nümayəndəsi Rafiq Danakari, 4 saylı məktəbin direktoru Venera Avetisova, müəllimlər Əvəz Əhmədov və Vitalik Koçarı iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyi baxımından çox gözəl bir nümunədir: “İslam həmrəyliyi bəşəriyyəti xilas etmək naminə birləşməkdir. İslam həmrəyliyi insan haqlarına hörmət, cəhalətə, xurafata qarşı mübarizə, elmə, təhsilə dəyər vermək üçün birləşməkdir. İslam həmrəyliyi bu cür yüksək dəyərlərə malik İslamı gözdən salmaq istəyənlərə qarşı mübarizə üçün birləşməkdir”.

A.Hüseynov qeyd edib ki, həmrəylik müsəlman xalqlar arasında əməkdaşlığı daha da artıraraq, İslam dünyasında sülhün, ədalətin bərqərar olmasına səbəb olacaq: “Bunun üçün isə bəşəriyyətin xilası naminə, mədəniyyətlərin, dinlərin dialoqunda qarşılıqlı həmrəylik yaratmalı, terrorizmə, ekstremizmə, zorakılığa birdəfəlik yox deməli, dağıdıcı, təxribatçı qüvvələrə qarşı öz birlik və həmrəyliyimizi nümayiş etdirməliyik. Ölkəmizdə olan bu həmrəyliyi, insanlar arasında birliyi, bərabərliyi qoruyub saxlamalıyıq”.

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin nümayəndəsi Rəşad Nəbiyev bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, tədbirin keçirilməsinin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri arasında İslam Həmrəyliyinin Azərbaycan modelini təbliğ etməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov deyib ki, dünyanın təhlükəsizliyini, insanların sülh şəraitində yaşamasını təmin etmək üçün tolerantlıq, multikultural dəyərlərin təbliğ edilməsi zəruridir. Bütün bunları nəzərə alaraq prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” və 2017-ci ili “İslam həmrəyliyi ili” elan edib. İslam həmrəyliyi ili elan edilməsi isə ölkədə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, barışın, dostluğun, birgə yaşayışın dünyaya ixrac edilməsinə öz mühüm töhfəsini verəcək. Münaqişələrin baş verdiyi bir dövrdə sabitlik, tolerantlıq, vəhdət, multikulturallıq nümunəsi olan Azərbaycan islam həmrəyliyini yaratmaq və bu prosesə öz töhfəsini vermək iqtidarındadır. Prezident İlham Əliyevin İslam həmrəyliyinə çağırışı bütün İslam dünyasında xalqların, ölkələrin, iqtisadi, mədəni, elmi əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik və sülh ideyalarının daha da diqqət mərkəzinə çəkilməsinə xidmət edir”.

Alban-udi xristian dini icmasının nümayəndəsi Rafiq Danakari qeyd edib ki, Azərbaycanda sülh məramının və qarşılıqlı ehtiram məfkurəsinin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb: “Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir”.

R.Danakari deyib ki, Azərbaycanda alban-udilər öz dinlərini, tarixini, adət-ənənələrini, əlifbalarını, mədəniyyətlərini, dillərini qoruyub saxlayıblar. Alban-udilərin yaşadığı Nic qəsəbəsində kilsə ilə yanaşı, məscid də fəaliyyət göstərir. Bu qəsəbədə heç vaxt dinlərarası qarşıdurma olmayıb.

4 saylı məktəbin direktoru Venera Avetisovanın sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz qlobal miqyasda sülh və əməkdaşlıq hərəkatına, sivilizasiyalararası dialoqa böyük töhfələr verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi humanitar missiya, irəli sürdüyü qlobal təşəbbüslər Şərq və Qərb sivilizasiyaları arasında konfliklərin diskussiya məcrasına yönəldilməsinə, radikal müstəvidən intellektual mühitə daşınmasına xidmət edir. Bütün bunlara zəmin yaradan, Azərbaycanı başqaları üçün nümunə kimi sərgiləyən ən mühüm amilsə, şübhəsiz ki, ölkəmizin özündə bu kimi məsələlərə sağlam münasibətin mövcudluğudur. Vicdan azadlığı ilə bağlı bir çox məsələlərin sivil, demokratik məcrada çoxdan öz həllini tapmasıdır. Bu münasibət Azərbaycanda İslamı da, başqa dinləri də zərərli və dağıdıcı təsirlərdən qoruyur. Dövlət cəmiyyət həyatının digər önəmli sahələrində olduğu kimi, bu sahədə də sistemli, əsaslandırılmış, kompleks fəaliyyət həyata keçirir.

4 saylı məktəbin müəllimi Əvəz Əhmədovun sözlərinə görə, prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır.
Müəllim Vitalik Koçarı isə vurğulayıb ki, bu ilin prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır. “İslam həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır.

Bütün xəbərlər Facebook səhifəmizdə