“Metsamor” AES region üçün ciddi təhlükə mənbəyidir

2016-cı il martın 31-dən aprelin 1-dək Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinin keçirilməsi bir daha beynəlxalq ictimaiyyətinin nəzər diqqətini dünyanın fövqəldövlətinə tərəf çevirdi.

Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə bütün dünya üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşü kimi tarixə yazıldı. Əllidən çox ölkələrin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas istiqamətləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, həmçinin atom elektrik stansiyalarının (AES) ümumi mühafizəsinin gücləndirilməsi, texniki və təbii təhlükələrə qarşı dayanaqlığının gücləndirilməsi, radioaktiv mənbələrin təhlükəsizliyinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olundu.

Zirvə görüşünün "Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər" mövzusunda açılış sessiyasında çıxış edən ABŞ Prezidenti Barak Obama birinci Sammitin altı il bundan əvvəl Vaşinqtonda keçirildiyini, həmin vaxtdan dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırıb.

ABŞ Prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında bildirib ki, bu prosesdə iştirak edən bir sıra başqa ölkələr kimi Azərbaycan da nüvə materiallarının yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüb. O vurğulayıb ki, bununla əlaqədar hər bir ölkə öz fəaliyyət planını təqdim edib.

Prezident Barak Obama deyib: "Bəzi ölkələrin zənginləşdirilmiş uran ehtiyatları var, onlar həmin ehtiyatların azaldılmasına dair qərar qəbul ediblər. Başqa ölkələrin mülki nüvə obyektləri var, lakin həmin obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübələri yoxdur. Buna görə də onlar təhlükəsizliyin təmin edilməsi üçün daha yaxşı təcrübəni qəbul edirlər. Elə ölkələr də var ki, onlar nüvə materialları qaçaqmalçılığı üçün potensial tranzit məntəqələri ola bilər. Biz belə ölkələrlə sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üzrə əməkdaşlıq çərçivəsində iş aparırıq. Azərbaycan yerləşdiyi əraziyə görə bu prosesdə son dərəcə əhəmiyyətli tərəfdaşdır"

(http://azertag.az/xeber/Barak_Obama_Azerbaycan_son_derece_ehemiyyetli_terefdasdir_VIDEO-939367).

Göründüyü kimi, hazırda nüvə enerjisi məsələsində dünya dövlətlərini narahat edən başlıca məsələlərdən biri də ilk növbədə radiasiya təhlükəsinə məruz qalmaq riskindən uzaq olmaqdır. Təbii ki, heç bir dövlət 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl atom elektrik stansiyasında baş vermiş, ağır nəticələrə səbəb olan partlayış, eləcə də 2011-ci ilin martında Yaponiyada baş vermiş sunami nəticəsində "Fukusima-1" atom elektrik stansiyasında yaranmış qəzanın acınacaqlı nəticələrinin təkrar olunmasını istəməz. Bu kimi təhlükələrə aid başlıca risk istismar vaxtı keçmiş AES-lərin gələcək taleyi, onların bir çoxunun seysmoloji zonalarda yerləşməsidir. Bir sözlə atom elektrik stansiyalarının təbii, texniki, siyasi (sifarişli və yaxud məqsədli terror cəhdləri) təhlükəsizliyinin təmin edilməsi təkcə AES-in sahibi olan ölkəyə aid məsələ deyildir.

Qeyd etmək lazımdır ki, dünyada nüvə terrorizmi riskinin sürətlə artması barədə vəziyyətin ciddiliyi, beynəlxalq ictimaiyyəti, o cümlədən nüvə dövlətlərini sərt tədbirlər görməyə məcbur edir. 2011-ci ilin aprel ayında BMT-nin TŞ-sı yekdilliklə nüvə terrorizmi ilə birgə mübarizəyə dair sənəd qəbil etmişdir. Yeddi dövlətin, o cümlədən ABŞ və Rusiyanın həmmüəllifi olduqları sənəd BMT TŞ-nin 2004-cü ildə qəbul etdiyi 1540 nömrəli qətnaməsi əsasında yaradılmış Komitənin mandatını 10 il uzatmışdır. (http://azertag.gov.az/newsarchive?mod=2&date=2011-04-21&id=230843&partition=13)

Təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayan Azərbaycan əslində nüvə terrorizmi və radiasiya riski ilə də üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırması, "Metsamor" Atom Elektrik Stansiyasının radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması inkar edilməz faktlarla təsdiqini tapmışdır. İşğal altında olan Azərbaycan əraziləri qadağan olunan nüvə məhsullarının tranzit daşınmasında da böyük risklər yaradır. Bundan başqa, artıq istismar müddəti keçmiş "Metsamor" AES güclü seysmik ərazidə yerləşir. Prezident İlham Əliyev 2012-ci ilin martında keçirilmiş Seul Sammitində bu barədə demişdir: "...Bu yaxınlarda sunami nəticəsində "Fukusima" Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzaya çox ciddi şəkildə yanaşılmalıdır. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş "Metsamor" Atom Elektrik Stansiyasından olduqca narahatdır. "Metsamor" stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir".( http://azertag.gov.az/node/932463.)

Ən son məlumatlara görə Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilədək uzatmaq niyyətindədir və bu barədə hökumət qərar qəbul edib. Xüsusi olaraq qeyd etməliyik ki, "Metsamor" AES-in Azərbaycan, Türkiyə və İran üçün yaratdığı real təhlükənin ümumi ərazisi mövcud Ermənistandan təxminən iki dəfə böyükdür.

Mövzunun davamı olaraq qlobal nüvə terrorizmi riski barədə bəzi məqamlara müraciət edək. Bəhs etdiyimiz kimi beynəlxalq terrorizmlə mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq artıq bu bəla insan cəmiyyəti üçün bir nömrəli problemə çevrilməkdədir. Məlum olduğu kimi, 2016-cı il martın 22-də Belçika paytaxtı Brüsselin hava limanında və metroda 34 nəfərin ölümü 130-dan çox insanın yaralanması ilə nəticələnən terror aktı törədilmişdir. Belçikanın rəsmi dairələrindən terrorçuların ölkə paytaxtındakı atom elektrik stansiyasının partlatmağa cəhd etdikləri barədə məlumatlar yayılmışdır. Son vaxtlar Ermənistan rəhbərlərinin Azərbaycan və Türkiyə qarşı radiaktiv tərkibli silahdan istifadə etmək təhdidi dünya ictimaiyyətini daha ciddi düşündürməlidir. Unutmaq olmaz ki, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan torpaqlarında terrorçu təşkilatlara təlim düşərgəsi yaratmışdır. Heç kim zəmanət verə bilməz ki, terrorçuluğu dəstəkləyən, ayrı-ayrı terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan "Metsamor" AES-in imkanlarından Azərbaycan və Türkiyəyə qarşı məqsədli istifadə etmək niyyətində deyil.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə