Azərbaycan və Serbiyanın dövlət başçılarının siyasi iradəsi və təşəbbüskarlığı nəticəsində iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim genişlənən əlaqələr sosial sahəni də əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu barədə ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaceviçin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Serbiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını, ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib.
Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST modeli, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib və islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi bildirilib. Həssas qruplardan olan şəxslərin və ailələrin sosial dəstək tədbirləri ilə əhatə olunması işləri diqqətə çatdırılıb.
Ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs olunub, bu sahədə Serbiya ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğu bildirilib.
Yelena Zariç Kovaceviç Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını ifadə edərək, ölkəsinin Azərbaycanla dost münasibətlərini və iki ölkənin nazirlikləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında demoqrafiya sahəsində gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə