"Azərbaycan–Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyur" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Qazaxıstana səfəri və orada aparılan danışıqlar, bağlanan müqavilələr Azərbaycanla Qazaxıstan arasında əvvəldən mövcud olan sıx strateji tərəfdaşlıq münasibətlərini yeni bir səviyyəyə qaldırır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu səfər, sözsüz ki, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Azərbaycan və Qazaxıstan uzun illərdir ki, bir çox beynəlxalq təşkilatlarda fəal şəkildə əməkdaşlıq edir, ortaq maraqlar əsasında bir-birini dəstəkləyir.

Hər iki ölkə Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə siyasi deyil, eyni zamanda iqtisadi, humanitar və mədəni sahələri də əhatə edir. Azərbaycan və Qazaxıstan həmçinin İslam Əməkdaşlıq Təşkilatında, Müstəqil Dövlətlər Birliyi çərçivəsində və digər beynəlxalq platformalarda birgə fəaliyyət göstərir. Bu birgə çıxışlar, ortaq mövqelər və qarşılıqlı dəstək münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir.

Azərbaycan–Qazaxıstan münasibətləri daim yüksələn xətlə inkişaf edir. Hər iki dövlət beynəlxalq tədbirlərdə və qlobal səviyyəli müzakirələrdə bir-birini müdafiə edir, ortaq mövqe sərgiləyir. Bu gün bu münasibətlərin daha da genişlənəcəyi, yeni istiqamətlərdə dərinləşəcəyi gözlənilir. Eyni zamanda, Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq da dinamik şəkildə inkişaf edir. İki dövlət arasında böyük investisiya layihələri və sərmayə təşəbbüsləri həyata keçirilir. Bu investisiyalar həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edir.

Bütövlükdə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə mühüm əhəmiyyət kəsb edir. Bu səfər, iki dost və qardaş ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açır, regionda sabitlik və əməkdaşlıq proseslərinə əlavə güc verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə