"Vətən torpağının hər qarışı kimi, Mincivan da Azərbaycanın ayrılmaz bir parçasıdır. Onun yerləşdiyi Zəngilan rayonunun hər kəndi, hər qəsəbəsi həm Azərbaycanın ərazi bütövlüyü, həm də tarixi ədalətin bərpası baxımından fövqəladə əhəmiyyət daşıyır. Bu, təkcə tarixi hadisə deyil, həm də milli birliyimizin, dövlət olaraq varlığımızın və xalq olaraq mövcudluğumuzun rəmzidir". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.
Onun sözlərinə görə, Mincivanın azad olunması yalnız mənəvi deyil, eyni zamanda böyük strateji əhəmiyyətə malikdir: "Sovet dövründə Mincivan Moskva–İrəvan və Moskva–Tehran dəmir yolu xəttinin üzərində yerləşirdi. Həm Mincivan, həm də Zəngilan ərazisindən keçən qatarlar İrəvan və Naxçıvan, eyni zamanda İran istiqamətinə hərəkət edirdi. Buna görə də Cənub dəmir yolları sistemində Mincivan Azərbaycanın ən mühüm nəqliyyat qovşaqlarından biri hesab olunurdu. Həmin dövrdə Mincivan həm əhali sıxlığı, həm də ərazi baxımından Zəngilan şəhərindən daha böyük sayılırdı.
Bu strateji mövqe 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən bərpa edildi. Mincivanın və bütövlükdə Zəngilan rayonunun işğaldan azad olunması nəticəsində Azərbaycan Respublikasının cənub sərhədləri tam nəzarət altına alındı. Bu, həm də İran istiqamətindən işğal olunmuş ərazilərə gələn silah və hərbi dəstəyin qarşısının alınması demək idi. Beləliklə, cənub istiqamətindən Qarabağda yerləşən erməni silahlı qüvvələrinə yardım tam şəkildə dayandırıldı.
Mincivanın azad olunması Azərbaycan Ordusuna mühüm strateji üstünlüklər qazandırdı. Zəngilan və Mincivan istiqamətində əldə edilən bu nailiyyət nəticəsində Ermənistan ordusu və separatçılar faktiki olaraq mühasirəyə düşdülər. Bundan sonra onların geri çəkilməkdən, xüsusilə də Laçın və Kəlbəcər istiqamətində Ermənistan ərazisinə doğru hərəkət etməkdən başqa çıxış yolları qalmadı.
Beləliklə, Mincivanın azad olunması həm hərbi, həm strateji, həm də mənəvi baxımdan tarixi əhəmiyyət daşıyır. Bu qələbə Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqımızın birliyinin və dövlətimizin qətiyyətinin parlaq təzahürüdür. Zəngilan və Mincivanın azad edilməsi müharibənin taleyini müəyyən edən əsas dönüş nöqtələrindən biri oldu. Bu baxımdan, Mincivanın işğaldan azad olunması yalnız hərbi uğur deyil, həm də dövlətçilik tariximizin qürurverici səhifəsidir. Çünki Vətən torpağının hər qarışı, o cümlədən Mincivan, strateji, mənəvi və tarixi baxımdan eyni dərəcədə qiymətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə