Hansı evləri icazəsiz tikmək olmaz? - VƏKİL AÇIQLADI

Hansı evləri icazəsiz tikmək olmaz? - VƏKİL AÇIQLADI

Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də tikinti üçün rəsmi icazənin hansı hallarda tələb olunmasıdır. Bəs, qanunvericilik müəyyən ölçülərdə evlərin tikintisinə icazəsiz şərait yaradırmı?

Məsələ ilə bağlı vəkil Etibar Qarayev SİA-ya açıqlamasında bildirib ki, bəzi fərdi yaşayış evlərinin tikintisi üçün dövlət orqanlarından xüsusi icazə almağa ehtiyac yoxdur:

“Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün hər hansı dövlət qurumundan icazə tələb edilmir. Bu halda vətəndaşlar tikintiyə başlamaq üçün icazə almaq məcburiyyətində olmasalar da, qanunvericilikdə nəzərdə tutulan digər şəhərsalma və tikinti normalarına riayət etməlidirlər. Müəyyən edilmiş parametrlərdən kənara çıxan tikililər üçün isə müvafiq qaydada icazə sənədlərinin alınması zəruridir. Buna görə də tikintiyə başlamazdan əvvəl layihənin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının dəqiqləşdirilməsi vacibdir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə