Vətəndaşı məcburi psixoloji müayinəyə aparmaq olarmı? - PSİXOLOQ AÇIQLADI

Vətəndaşı məcburi psixoloji müayinəyə aparmaq olarmı? - PSİXOLOQ AÇIQLADI

"Məcburi psixoloji müayinəyə cəlb olunmaq vətəndaşın cəzalandırılması demək deyil. Burada əsas məqsəd həm həmin şəxsin, həm də ətrafındakı insanların təhlükəsizliyini təmin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib.

Onun sözlərinə görə, psixoloji müayinə ilə psixiatrik müayinə eyni anlayışlar deyil:

"Psixoloq insanın emosional vəziyyətini, davranışını, düşüncə xüsusiyyətlərini və psixoloji funksiyalarını qiymətləndirir. Bizim tibbi diaqnoz qoymaq və ya dərman təyin etmək səlahiyyətimiz yoxdur. Psixi pozuntuların diaqnostikası və tibbi qiymətləndirilməsi isə psixiatrın səlahiyyətinə aiddir.

Vətəndaşın məcburi psixoloji müayinəyə cəlb edilməsi yalnız ciddi əsaslar olduqda və qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq edilməlidir. Məsələn, şəxsin davranışı özünün və ya başqalarının həyatı və sağlamlığı üçün real təhlükə yaradırsa, yaxud məhkəmə-istintaq prosesində psixoloji qiymətləndirməyə ehtiyac yaranarsa və qanunla müəyyən edilmiş digər xüsusi hallar mövcuddursa, belə müayinə həyata keçirilə bilər.

Sözsüz ki, bu prosesdə insan hüquqlarının qorunması, məxfiliyin təmin edilməsi və qərarın qanuni prosedurlar əsasında verilməsi əsas şərtlərdir.

Psixoloji müayinə heç vaxt insanı cəzalandırmaq, damğalamaq və ya günahlandırmaq vasitəsinə çevrilməməlidir. Psixoloji qiymətləndirmənin məqsədi insanı mühakimə etmək deyil, onun vəziyyətini düzgün anlamaq və ehtiyac olduğu halda ona uyğun dəstək göstərməkdir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə