"Müasir dövrdə iş yerini tez-tez dəyişmək artıq bir çox insanlar üçün adi hala çevrilib. Bazar iqtisadiyyatının inkişafı, əmək bazarında tələblərin sürətlə dəyişməsi, daha yüksək əməkhaqqı və daha yaxşı iş şəraiti axtarışı insanların tez-tez yeni iş yerlərinə keçməsinə səbəb olur. Bəzən bu dəyişikliklər bir neçə aydan bir baş verir".
Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, lakin iş yerinin tez-tez dəyişdirilməsi insanın həm sosial münasibətlərinə, həm də psixoloji vəziyyətinə müəyyən təsirlər göstərə bilər. İnsan təbiəti etibarilə müəyyən sabitliyə ehtiyac duyur:
"Bu sabitlik yalnız iş həyatında deyil, yaşayış mühitində də vacibdir. Məsələn, tez-tez ev dəyişmək qonşularla münasibətlərin formalaşmasına və sosial çevrənin sabit qalmasına mane olur.
İş mühitində isə vəziyyət daha həssasdır. Hər dəfə yeni kollektivə uyğunlaşmaq, yeni iş qaydalarını öyrənmək, fərqli rəhbərlərlə və əməkdaşlarla işləmək müəyyən adaptasiya dövrü tələb edir. Bu proses tez-tez təkrarlananda insanda psixoloji yorğunluq yarana, kollektivə bağlılıq hissi zəifləyə və sosial münasibətlərdə çətinliklər meydana çıxa bilər.
Əlbəttə, daha yaxşı imkanlar yarandıqda iş yerini dəyişmək normal və bəzən zəruri seçimdir. Lakin yalnız kiçik fərqlərə görə qısa müddət ərzində ardıcıl şəkildə iş yerini dəyişmək uzunmüddətli perspektivdə həm peşəkar inkişaf, həm də psixoloji rahatlıq baxımından hər zaman müsbət nəticə verməyə bilər.
Daha məqsədəuyğun yanaşma ondan ibarətdir ki, insan öz bacarıqlarına uyğun iş tapdıqdan sonra müəyyən müddət həmin kollektivdə çalışsın. Bu, həm peşəkar təcrübənin artmasına, həm kollektiv münasibətlərinin möhkəmlənməsinə, həm də insanın özünü daha rahat və güvənli hiss etməsinə şərait yaradır.
Müasir dövrün tələbləri çevik olmağı zəruri etsə də, sabitlik də insanın psixoloji sağlamlığı və sosial rifahı üçün mühüm amillərdən biridir. Buna görə də iş yeri seçərkən təkcə əməkhaqqını deyil, uzunmüddətli inkişaf imkanlarını, iş mühitini və kollektiv münasibətlərini də nəzərə almaq vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB