İdman uşaqların pis vərdişlərdən uzaqlaşması üçün effektiv yoldur? - PSİXOLOQ AÇIQLADI

İdman uşaqların pis vərdişlərdən uzaqlaşması üçün effektiv yoldur? - PSİXOLOQ AÇIQLADI

Bir çox valideynlər övladlarını kiçik yaşlardan idmana yönəldirlər. Buna əsas səbəb isə onların pis vərdişlərdən uzaq durmasıdır. Bəs, idman uşaqların pis vərdişlərdən uzaqlaşması üçün effektiv yoldur?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, bu dövrdə təkcə idmanla məşğul olmaq deyil, ümumiyyətlə, uşağın hər hansı bir məşğuliyyətinin olması, təhsildə müəyyən uğurlar qazanması vacibdir:

“Həmçinin əgər təhsilə marağı yoxdursa, onu hər hansı bir peşəyə yönləndirmək daha məqsədəuyğundur. Sadəcə idmana gedəcək və bunun sayəsində pis vərdişlərdən uzaq qalacaq demək düzgün yanaşma deyil.

Amma psixoloqlar tövsiyə edirlər ki, uşağın mütləq bir məşğuliyyəti olsun. Bununla yanaşı, onun öz istəyi də nəzərə alınmalıdır. Əgər yeniyetmə əvvəldən hansısa sahəyə maraq göstərirdisə və əvvəllər buna icazə verilmirdisə, indi birdən-birə icazə verilməsi onda belə bir fikir yarada bilər ki, valideynlər bunu yalnız onu pis vərdişlərdən uzaq saxlamaq üçün edirlər. Yeniyetmələr bunu hiss etdikləri üçün çox vaxt valideynlərinə əks davranırlar. Ümumiyyətlə, yeniyetməlik dövründə belə problemlər olur.

Əlbəttə, idman sağlamlıqdır və uşaqların idmanla məşğul olması faydalıdır. Amma indiki yeniyetmələr elə bir nəslin nümayəndələridir ki, onları əvvəlki üsullarla idarə etmək mümkün deyil. Valideynlər daha çox onlara uyğunlaşmalı, izah etməli, həm həvəsləndirmə, həm mükafatlandırma üsullarından istifadə edərək onları düzgün istiqamətləndirməlidirlər.

Uşaqlıq dövrünə gəldikdə isə, valideynlər əsasən iki qrupa bölünürlər: uşaqlarını eyni vaxtda bütün dərnəklərə aparanlar və ümumiyyətlə, heç bir dərnəyə göndərməyənlər. Halbuki hər dərnəyə gedən uşağın gələcəkdə mütləq pis vərdişlərdən uzaq qalacağını demək olmaz.

Daha doğru yanaşma odur ki, uşaq bir neçə fərqli dərnəyə cəlb olunsun, onun hansı sahəyə marağının və həvəsinin olduğu müəyyən edilsin, sonra isə həmin istiqamətdə inkişafına dəstək verilsin. Bu da gələcəkdə onu pis vərdişlərdən uzaq saxlaya biləcək amillərdən biridir.

Əgər uşaq 5–7 yaşlarından idmanla məşğul olmağa başlayırsa, bu onun həyat tərzinə çevrilir. Gələcəkdə də sağlam həyat tərzini qorumağa, pis vərdişlərdən uzaq olmağa və idmanla məşğul olmağa daha çox meyilli olur. Ən azı, onun bir maraq dairəsi formalaşır.

Amma 12–13 yaşında uşağı birdən-birə idmana yönləndirib “pis vərdişlərdən uzaq qalacaqsan” demək artıq gecikmiş yanaşmadır. Uşaqları 5, 6, 7 və 8 yaşlarında həvəsləndirmək və sağlam vərdişlər formalaşdırmaq daha asan və daha effektivdir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə