Dünya 15 yaşa qədər internet qadağası qoyur - biz kimi gözləyirik?

Dünya 15 yaşa qədər internet qadağası qoyur - biz kimi gözləyirik?

"Son bir ay ərzində dünyanın aparıcı dövlətləri tərəfindən uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişini qadağan edən qanunların qəbulu, əslində, bizim üçün də xəbərdarlıq siqnalıdır. Çünki demokratik və aparıcı texnologiya sahibi olan inkişaf etmiş ölkələr öz milli təhlükəsizlikləri üçün bu addımı atırlarsa, o zaman bizim oturub gözləməyimiz ancaq ziyanımıza işləyəcək məqamdır. Unutmayaq ki, hazırkı uşaq və yeniyetmələr sabahkı Azərbaycan deməkdir, Azərbaycanı idarə edəcək nəsil deməkdir. Məncə, biz ciddi təhlükənin fərqində olmalıyıq."

Bu fikirləri SİA-ya açıqlamasında araşdırmaçı jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, ölkəmizdə 16 yaşa qədər yeniyetmələrin internetə girişi barədə qanunvericilik təşəbbüsü eləcə təşəbbüs olaraq da qalır. "Diqqət edin, artıq sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında rəzalət dolu özbaşınalıq hökm sürür. Qız və oğlan uşaqlarını xoşagəlməz istiqamətə yönləndirmək üçün ləçər küçə qadınlarını və cinsi azlıqları geninə-boyuna reklam edirlər. Üstəlik, cinayətkar ünsürlər də reklam olunanlar siyahısındadır. Bu bilirsiniz nə deməkdir? Potensial cinayətkar nəsil qapını döyür deməkdir. Xoşagəlməz ad çıxarmış bir qadının həbsdən zaminə buraxılması səhnəsi, onu coşqu ilə qarşılayan başıpozuq bir dəstə insanın çıxardığı rəzalət dolu biabırçılıq dediklərimə əyani sübutdur. Gerçəklik budur ki, TikTok platforması bu gün Azərbaycan xalqı üçün ən böyük təhlükəyə çevrilib. Geciksək çox şey itirəcəyik".

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə