"Krandan gələn suyu birbaşa içmək məsləhət deyil" - EKOLOQ

"Krandan gələn suyu birbaşa içmək məsləhət deyil" - EKOLOQ

"Bakı şəhərində əhaliyə verilən içməli su ilkin mənbədən – Ceyranbatan və digər su mənbələrindən çıxarkən kifayət qədər təmiz, keyfiyyətli və mövcud standartlara uyğundur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sadiq Həsənov bildirib.

Onun sözlərinə görə, lakin su istehlakçıya çatana qədər köhnə boru xətləri, su çənlərinin vaxtında təmizlənməməsi və magistral şəbəkədə yaranan problemlər suyun tərkibinə müəyyən təsir göstərə bilər: "Bu səbəbdən suda qumluluq, minerallığın artması və dezinfeksiya məqsədilə istifadə olunan xlorun qalması halları müşahidə oluna bilər.

Məhz buna görə krandan gələn suyun birbaşa içilməsi tövsiyə edilmir. Xlor suda dezinfeksiya məqsədilə istifadə olunur və bu, dünyanın bir çox ölkəsində tətbiq edilən standart üsuldur. Bununla belə, suyu istifadə etməzdən əvvəl qaynatmaq daha məqsədəuyğundur. Qaynama zamanı mövcud ola biləcək bakterioloji çirklənmə aradan qalxır, xlorun böyük hissəsi buxarlanır və su daha təhlükəsiz hala gəlir.

Alternativ olaraq, suyu müəyyən müddət ağzı açıq qabda saxlamaq da xlorun uçmasına kömək edir. Bundan sonra su içmək üçün daha yararlı hesab oluna bilər. Azərbaycanda əhalinin uzun illərdir kran suyunu əsasən qaynadaraq istifadə etməsi də düzgün yanaşmadır. Çünki köhnə boru xətləri, vaxtında təmizlənməyən su çənləri və magistral şəbəkədəki problemlər suyun çirklənmə riskini artıra bilər. Bundan əlavə, suyun dadında dəyişiklik, xlor qoxusu və mineralların çoxluğu müşahidə oluna, hətta çaydanlarda ərpin yaranmasına səbəb ola bilər.

Bu baxımdan içməli suyun birbaşa krandan içilməsi məsləhət görülmür. Suyu əvvəlcə filtrdən keçirmək, daha sonra isə qaynadaraq istifadə etmək sağlamlıq baxımından daha təhlükəsiz seçim hesab olunur".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə