“Gözlərdə qaşınma və sulanma allergiyanın, qızdırma isə virusun əsas göstəricisidir”
"Virus xəstəlikləri ilə allergiyanın simptomatik fərqləri
Yaz və payız aylarında havada bitki tozcuqlarının (polenlərin) artması ilə mövsümi allergiya halları çoxalır". Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.
Onun sözlərinə görə, eyni dövrdə müxtəlif respirator virus infeksiyalarının yayılması isə insanların bu iki vəziyyəti bir-biri ilə qarışdırmasına səbəb olur:
"Burun axması, asqırma və öskürək kimi oxşar əlamətlərə baxmayaraq, allergiya və virus infeksiyası arasında mühüm fərqlər mövcuddur.
Mövsümi allergiyanın ən xarakterik əlamətləri ardıcıl asqırma, şəffaf və sulu burun axıntısı, burun, göz və damaqda qaşınma, gözlərdə sulanma və qızartıdır. Bu zaman xəstələrdə adətən qızdırma olmur və ümumi vəziyyət ciddi şəkildə pozulmur.
Əlamətlər allergenlə təmas davam etdiyi müddətdə qalır və hər il eyni mövsümdə təkrarlana bilər.
Virus infeksiyaları isə çox vaxt qızdırma, boğaz ağrısı, baş və əzələ ağrıları, ümumi halsızlıq, öskürək və burun axması ilə özünü göstərir. Burun axıntısı ilk günlərdə şəffaf olsa da, sonradan qatılaşa bilər. Əksər virus infeksiyaları 5–10 gün ərzində sağalma ilə nəticələnir.
Gözlərdə güclü qaşınma və sulanma daha çox allergiyanın göstəricisidir. Əksinə, yüksək hərarət, bədən ağrıları və ümumi halsızlıq virus infeksiyasının əsas əlamətlərdir.
Bəzən allergiyası olan insanlar eyni zamanda virus infeksiyasına da yoluxa bilərlər. Belə hallarda hər iki xəstəliyə məxsus simptomlar birlikdə müşahidə oluna bilər.
Buna görə uzun sürən və ya ağırlaşan şikayətlər zamanı özbaşına antibiotik qəbul etmək düzgün deyil. Antibiotiklər viruslara təsir göstərmir və yalnız həkim təyinatı ilə istifadə edilməlidir.
Allergiyadan qorunmaq üçün polen mövsümündə (yaz, payız aylarında) açıq havada uzun müddət qalmamaq, evə qayıtdıqdan sonra üz və əlləri yumaq, paltarları dəyişmək, yaşayış məkanlarını təmiz saxlamaq və həkim məsləhəti ilə allergiya əleyhinə preparatlardan istifadə etmək tövsiyə edilir.
Virus infeksiyalarından qorunmaq üçün isə əllərin tez-tez yuyulması, qapalı məkanların havalandırılması, xəstə insanlarla yaxın təmasdan çəkinmək və sağlam həyat tərzinə riayət etmək vacibdir.
38,5°C-dən yüksək və ya uzun sürən qızdırma, nəfəs darlığı, sinə ağrısı, eləcə də şikayətlərin 10 gündən artıq davam etməsi və ya ağırlaşması hallarında mütləq həkimə müraciət olunmalıdır.
Göz və burunda qaşınma, ardıcıl asqırma və şəffaf burun axıntısı daha çox mövsümi allergiyaya işarə edir. Qızdırma, boğaz ağrısı, əzələ ağrıları və güclü halsızlıq isə virus infeksiyasının daha xarakterik əlamətləridir. Bu fərqləri bilmək düzgün diaqnozun qoyulmasına və vaxtında müalicəyə başlanmasına kömək edir".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB