Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

Baş Prokurorluğun sorğusu əsasında beynəlxalq axtarışda olan təqsirləndirilən şəxslər ölkəmizə ekstradisiya ediliblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşları Emil Kazımov, Cabbar Məmmədov, Habil Əliyev, Fuad Babayev və Kənan Quliyevin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Məlumata görə, Emil Kazımovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, Cabbar Məmmədovun təkrar dələduzluq, Habil Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla törədilən oğurluq, Fuad Babayev və Kənan Quliyevin isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlbedilmə haqqında qərarlar qəbul olunub.

Adıçəkilən şəxslər istintaqdan yayınaraq gizləndiklərinə görə axtarışa veriliblər. Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə