İnsan ömrünün elə zirvələri var ki, həmin mərhələyə yalnız uzun illərin zəhməti, yüksək mənəviyyatı, dövlətə sədaqəti, xalqa təmənnasız xidməti və insanlara sevgisi ilə çatmaq mümkündür. Belə ömür sahibləri təkcə yaşadıqları dövrün deyil, gələcək nəsillərin də yaddaşında silinməz iz buraxırlar. Bu baxımdan ömrünün 80 illik yubileyini övladlarının, nəvələrinin, doğmalarının əhatəsində qeyd edən görkəmli dövlət xadimi, ziyalı, ağsaqqal və nümunəvi insan İsa Qaraşov məhz belə şəxsiyyətlərdəndir.
İsa müəllimin həyat yolu Azərbaycan dövlətçiliyinə sədaqətin, peşəkarlığın və yüksək vətəndaş məsuliyyətinin parlaq nümunəsidir. Onun keçdiyi ömür yolu yalnız tutduğu vəzifələrlə deyil, insanlara münasibəti, yüksək əxlaqı, müdrikliyi və zəngin həyat təcrübəsi ilə dəyərləndirilir. O, dövlət idarəçiliyində çalışdığı bütün illər ərzində vicdanı, dürüstlüyü və prinsipiallığı ilə həmkarlarının, dostlarının və cəmiyyətin dərin hörmətini qazanıb.
İsa Qaraşov haqqında danışarkən ilk növbədə onun ziyalılığından söz açmaq lazımdır. Çünki ziyalı olmaq yalnız ali təhsil almaq və ya yüksək vəzifələrdə çalışmaq demək deyil. Əsl ziyalı cəmiyyətin mənəvi dayağı, milli dəyərlərin qoruyucusu, insanlara yol göstərən şəxsiyyətdir. İsa müəllim bütün fəaliyyəti boyu bu yüksək missiyanı ləyaqətlə yerinə yetirib.
Onu yaxından tanıyan hər kəs bilir ki, İsa müəllim həm də nümunəvi ailə başçısıdır. Ailə dəyərlərinə bağlılığı, övladlarına və nəvələrinə aşıladığı milli-mənəvi prinsiplər, ailəsinə göstərdiyi qayğı onun şəxsiyyətini tamamlayan ən mühüm cəhətlərdəndir. Güclü dövlətin təməli sağlam ailədən başlayırsa, İsa müəllimin ailəsi də bu dəyərlərin yaşadıldığı örnək ocaqlardan biridir.
İsa Qaraşov eyni zamanda etibarlı dost, səmimi yol yoldaşı, çətin gündə insanların yanında olmağı bacaran böyük ürək sahibidir. Onun dostluğa verdiyi qiymət, insanlara göstərdiyi diqqət və qayğı illər keçsə də dəyişməyən mənəvi keyfiyyətləridir. Məhz buna görə də o, müxtəlif nəsillərin nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanır və hər zaman ehtiramla xatırlanır.
Bu gün Azərbaycan cəmiyyəti belə ziyalıların təcrübəsinə, müdrik məsləhətlərinə və mənəvi irsinə böyük ehtiyac duyur. İsa müəllim ömrünün səkkizinci onilliyini də əvvəlki kimi fəallıqla, dövlətçilik ideallarına sədaqətlə və gənc nəslə örnək olmaq əzmi ilə yaşayır. Onun həyat fəlsəfəsində vətənə xidmət, insanlara hörmət və halal zəhmət hər zaman əsas prinsip olub.
İllər insanı qocaltmır, əksinə, mənalı ömür yaşayanları daha da ucaldır. İsa Qaraşovun 80 illik yubileyi də sadəcə təqvim hadisəsi deyil. Bu yubiley dövlətə və xalqa xidmətlə keçən zəngin həyat yolunun, qazandığı hörmətin, yetişdirdiyi etimadın və qazandığı böyük insan sevgisinin təntənəsidir.
Hörmətli İsa müəllim!
Sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni uğurlar və hər zaman əzizlərinizin əhatəsində xoş günlər arzulayıram. Arzu edirəm ki, zəngin həyat təcrübəniz, müdrik sözünüz və ziyalı mövqeyiniz bundan sonra da cəmiyyətimizə işıq tutsun, dövlətçiliyimizin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə versin.
80 yaşınız mübarək olsun, dəyərli İsa müəllim! Ziyalılığınız, nəcibliyiniz və insanlığınız daim uca tutulacaq.
Bəhruz Quliyev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB