"Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir" - ŞƏRH
"Hər il 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib — məhz 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində ilk qəzet olan "Əkinçi" nəşr olunmağa başlamışdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, "Əkinçi" cəmi iki il — 1875-1877-ci illər arası fəaliyyət göstərib və 56 sayı işıq üzü görüb:
"Çar Rusiyası qəzetin xalqın maarifləndirilməsindəki roluna görə onun nəşrini dayandırsa da, "Əkinçi"nin yolu davam etdi. "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin" və digər onlarla nəşr Azərbaycan milli mətbuatının tarixini yazdı. 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Senzura ləğv edildi (1998-ci ilin avqustunda dövlət senzurası tamamilə aradan qaldırıldı), söz və məlumat azadlığını təmin edən qanunvericilik bazası yaradıldı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2021-ci ildə "Media haqqında" Qanun qəbul olundu. Medianın İnkişafı Agentliyi yaradıldı. Media subyektlərinə 6 illik vergi güzəştləri tətbiq edildi. Jurnalistlərin sosial müdafiəsi (o cümlədən güzəştli ipoteka krediti hüququ) gücləndirildi. 2026-cı il iyulun 14-də Media və Yayım Şurasının yaradılması barədə qanun layihəsi Milli Məclisdə qəbul olundu. Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olunduqdan sonra jurnalistlər öz peşə bayramlarını ilk dəfə Qarabağın tacı Şuşa şəhərində qeyd etməyə başladılar. 2023-cü ildən başlayaraq hər il Şuşada Qlobal Media Forumu keçirilir. 2026-cı ilin 13-14 iyul tarixlərində "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Forum baş tutub.
2025-ci ildə Azərbaycan milli mətbuatı 150 illik yubileyini qeyd etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı təsis olundu. Prezidentin sərəncamında vurğulandığı kimi, "Əkinçi" qəzeti "milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir".
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. 44 günlük Vətən müharibəsi zamanı jurnalistlər cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. onların arasında döyüşlərdə fərqlənərək medallarla təltif edilənlər də var.
Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır". Rəqəmsallaşma, süni intellekt, dezinformasiya ilə mübarizə və media savadlılığı bu gün mediamızın qarşısında duran əsas çağırışlardır. Bu əlamətdar gün münasibətilə bütün mətbuat işçilərini — qələm dostlarımızı, kameraların arxasında dayanan operatorları, redaksiyalarda gecə-gündüz çalışan jurnalistləri və media sahəsinin bütün fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirik! Sizin peşəkarlığınız, cəsarətiniz və vətənpərvərliyiniz xalqımızın həqiqətə gedən yolunu işıqlandırır. Peşə bayramınız mübarək olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB