“Dənizdə təhlükəsizlik hər bir insanın şəxsi məsuliyyətidir” - EKOLOQ DANIŞDI

“Dənizdə təhlükəsizlik hər bir insanın şəxsi məsuliyyətidir” - EKOLOQ DANIŞDI

“Dənizdə baş verən boğulma hadisələrinin əsas səbəblərindən biri hava şəraitinin düzgün qiymətləndirilməməsi və təhlükəsizlik qaydalarına əməl olunmamasıdır”.

Bu sözləri SİA -ya açıqlamasında ekoloq Rövşən Abbasov bildirib.

Onun sözlərinə görə, dəniz dalğalı olduqda suya girmək olduqca təhlükəlidir:

”Dalğaların təsiri nəticəsində suyun sirkulyar hərəkəti güclənir və sahilə doğru gələn su kütləsi geri çəkilərkən güclü geri axınlar – başqa sözlə, “rip axınları” yaranır. Bu axınlar saniyələr ərzində insanı sahildən uzaqlaşdıraraq dənizin dərin hissələrinə apara bilir. Təcrübəli üzgüçülər belə belə axınlardan xilas olmaqda çətinlik çəkirlər. Məhz buna görə də xilasedicilər dalğalı hava şəraitində dənizə girməməyi qəti şəkildə tövsiyə edirlər.

Dənizdə təhlükə yaradan amillər yalnız dalğalarla məhdudlaşmır. Güclü külək, suyun temperaturunun qəfil dəyişməsi, dənizin dibində yaranan çuxurlar, eləcə də görünməyən axınlar insanın tarazlığını itirməsinə səbəb ola bilər. Xəzər dənizinin bəzi sahələrində dib relyefi qeyri-bərabər olduğundan dayaz görünən ərazilərdə belə qəfil dərinliklə qarşılaşmaq mümkündür. Bu isə xüsusilə üzmə bacarığı zəif olan insanlar və uşaqlar üçün ciddi təhlükə yaradır.

Digər mühüm məsələ nəzarətsiz çimərliklərdə çimməkdir. Xilasedici xidməti olmayan, təhlükəsizlik nişanları quraşdırılmayan və insanların az olduğu sahillərdə baş verən hər hansı hadisə zamanı operativ müdaxilə mümkün olmur. Vaxtında göstərilməyən yardım isə boğulma hallarının ağır nəticələrə səbəb olmasına gətirib çıxara bilər. Buna görə də yalnız rəsmi şəkildə fəaliyyət göstərən, xilasedicilərlə təmin olunmuş çimərliklərdən istifadə etmək tövsiyə olunur.

Dənizdə tək çimməmək də vacib təhlükəsizlik qaydalarından biridir. İnsan qəfil halsızlaşa, qıcolma keçirə, axına düşə və ya digər gözlənilməz vəziyyətlə üzləşə bilər. Belə hallarda yanında başqa insanların olması və ya xilasedicinin hadisəyə dərhal müdaxilə etməsi həyat qurtaran amilə çevrilə bilər.

Xəzər dənizində suyun altında görünməyən təhlükələr də mövcuddur. Müxtəlif kəsici tullantılar, şüşə qırıntıları, metal parçaları, iti daşlar və digər əşyalar ayağın kəsilməsinə, qanaxmaya, infeksiyalara və ciddi xəsarətlərə səbəb ola bilər. Bəzi hallarda bu cür zədələr insanın hərəkət imkanlarını məhdudlaşdırır və onun sudan müstəqil şəkildə çıxmasını çətinləşdirir.

Valideynlərin diqqətli olması da xüsusi əhəmiyyət daşıyır. Uşaqlar bir neçə saniyə ərzində təhlükəli vəziyyətə düşə bilirlər. Buna görə də onlar heç vaxt nəzarətsiz buraxılmamalı, hətta dayaz sularda belə daim böyüklərin nəzarəti altında olmalıdırlar. Şişmə oyuncaqlar və üzmə vasitələri də tam təhlükəsizlik təmin etmir, çünki külək və dalğalar onları qısa müddətdə sahildən uzaqlaşdıra bilər.

Mütəxəssislər həmçinin spirtli içki qəbul etdikdən sonra suya girməməyi, həddindən artıq yorğun vəziyyətdə üzməməyi, çimərliklərdə quraşdırılmış xəbərdarlıq nişanlarına əməl etməyi və qırmızı bayraq qaldırıldıqda dənizə daxil olmamağı tövsiyə edirlər. Boğulan insanı xilas etməyə çalışan şəxslər də ehtiyatlı olmalı, imkan daxilində xilasedicilərə məlumat verməli və peşəkar kömək gələnədək təhlükəsiz üsullardan istifadə etməlidirlər.

Dənizdə təhlükəsizlik hər bir insanın şəxsi məsuliyyətidir. Dalğalı hava şəraitində suya girməmək, yalnız nəzarət olunan çimərliklərdən istifadə etmək, tək çimməmək, uşaqları daim nəzarətdə saxlamaq və təhlükəsizlik qaydalarına ciddi riayət etmək boğulma və digər bədbəxt hadisələrin qarşısının alınmasında mühüm rol oynayır. Unutmaq olmaz ki, bir neçə dəqiqəlik ehtiyatsızlıq insan həyatı üçün ağır nəticələrə səbəb ola bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə