Yay aylarında sağlam qidalanma: nələrə diqqət etməliyik? - EKSPERT DANIŞDI

Yay aylarında sağlam qidalanma: nələrə diqqət etməliyik? - EKSPERT DANIŞDI

"Yay aylarında qidalanarkən əsas diqqət yetirilməli məqam qidaların düzgün hazırlanması və saxlanılmasıdır. İsti hava şəraitində xüsusilə süd məhsulları, toyuq əti, kolbasa və digər tez xarab olan qidalarda mikroorqanizmlərin sürətlə çoxalma riski artır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, soyuq qida zəncirinin pozulması isə qida zəhərlənmələrinə səbəb ola bilər:

"Bu səbəbdən yay mövsümündə daha çox yüngül qidalara üstünlük verilməsi tövsiyə olunur. Qaynadılmış və ya buxarda bişirilmiş yeməklər sağlam seçim hesab edilir. Eyni zamanda bol yağda qızardılmış və ağır yeməklərdən mümkün qədər uzaq durmaq lazımdır.

Meyvə və tərəvəzlər gündəlik qida rasionunda daha çox yer almalıdır. Bununla yanaşı, mayonezli salatlar, göbələkli yeməklər, kremli şirniyyatlar, tortlar və digər tez xarab olan məhsulların istehlakı minimuma endirilməlidir.

Yay aylarında kifayət qədər su qəbul etmək də xüsusi əhəmiyyət daşıyır. İsti hava səbəbindən orqanizm tərləmə yolu ilə daha çox maye itirir. Buna görə də qazlı içkilər və şəkərli şirələr əvəzinə adi suya üstünlük verilməsi daha məqsədəuyğundur. Kifayət qədər su qəbul etmək susuzlaşmanın, halsızlığın və digər sağlamlıq problemlərinin qarşısını almağa kömək edir.

İnsanlar yayda tez-tez pikniklərə və istirahətə getdikləri üçün qidaların daşınmasına da diqqət yetirilməlidir. Mayonezli salatlar, ət məhsulları və digər tez xarab olan qidalar soyuducu şəraitdə saxlanılmadıqda, xüsusilə avtomobildə yüksək temperaturun təsiri altında qısa müddətdə xarab ola bilər və sağlamlıq üçün ciddi risk yaradar.

Ona görə də yay mövsümündə mövsümə uyğun, təzə və düzgün saxlanılmış qidalardan istifadə etmək, meyvə-tərəvəzə üstünlük vermək, bol su içmək və tez xarab olan məhsulların daşınması zamanı soyuq zəncirin qorunmasına diqqət yetirmək sağlam qidalanmanın əsas şərtlərindəndir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə