"Azərbaycan yaxın illərdə regionun aparıcı turizm mərkəzinə çevrilə bilər"

"Azərbaycan yaxın illərdə regionun aparıcı turizm mərkəzinə çevrilə bilər"

"Son illərdə qlobal turizm sənayesində ciddi dəyişikliklər baş verir". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, artıq turistlər yalnız məşhur şəhərləri gəzmək deyil, fərdi təcrübələr yaşamaq, təbiətlə daha sıx təmasda olmaq, yerli mədəniyyəti yaxından tanımaq və sağlamlıqlarına müsbət təsir edən istirahət növlərinə üstünlük verirlər:

"Bu baxımdan Azərbaycanın kifayət qədər böyük potensialı var. Ölkəmizin zəngin təbiəti, dağlıq əraziləri, milli parkları, mineral və termal su ehtiyatları, kənd turizmi imkanları yeni turizm trendlərinə tam uyğun gəlir. Son illərdə regionlarda turizm infrastrukturunun inkişafı, yeni hotellərin və istirahət mərkəzlərinin yaradılması, yol və xidmət keyfiyyətinin yaxşılaşdırılması bu istiqamətdə atılan mühüm addımlardır.

Bununla yanaşı, hesab edirəm ki, görüləsi işlər də kifayət qədərdir. Xüsusilə ekoturizm marşrutlarının genişləndirilməsi, peşəkar bələdçilərin hazırlanması, kənd turizmi təsərrüfatlarının dəstəklənməsi və rəqəmsal xidmətlərin inkişafı turist məmnuniyyətinin artırılmasına xidmət edəcək. Eyni zamanda, davamlı turizm prinsiplərinin qorunması və təbiətin mühafizəsi gələcək inkişafın əsas şərtlərindən biridir.

Azərbaycanın üstünlüklərindən biri də ilin bütün fəsillərində turist qəbul etmək imkanına malik olmasıdır. Yayda dağ və kənd turizmi, qışda xizək turizmi, ilboyu isə sağlamlıq və mədəni turizm məhsulları ölkəmizin rəqabət üstünlüyünü artırır.

Düşünürəm ki, düzgün marketinq strategiyası, beynəlxalq bazarlarda daha fəal təbliğat və xidmət keyfiyyətinin davamlı yüksəldilməsi nəticəsində Azərbaycan yaxın illərdə regionun ən cəlbedici turizm istiqamətlərindən birinə çevrilə bilər".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə