“Sürətli pəhrizlər qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir” - DİETOLOQ DANIŞDI
”İlk baxışdan qısa müddətdə arıqlamaq cəlbedici görünsə də, sürətli çəki itkisinin sağlamlıq üçün ciddi riskləri var. İnsanlar daha tez nəticə əldə etmək məqsədilə gündəlik qəbul etdikləri kalorinin miqdarını kəskin şəkildə azaltdıqda, orqanizm bunu enerji çatışmazlığı kimi qəbul edir və özünü qoruma mexanizmlərini işə salır”.
Bu sözləri SİA -ya açıqlamasında Orzax Azərbaycanın Medical direktoru Dr. Şəhriyyə Əhmədova bildirib.
Onun sözlərinə görə, nəticədə bazal metabolizm sürəti zəifləyir, yəni orqanizm istirahət vəziyyətində belə əvvəlkindən daha az enerji sərf etməyə başlayır:
” Bu isə həm arıqlama prosesini çətinləşdirir, həm də sonradan verilən çəkinin daha sürətlə geri qayıtmasına şərait yaradır.
Sürətli pəhrizlər qaraciyərin fəaliyyətinə də mənfi təsir göstərir. Xüsusilə piyli qaraciyər xəstəliyi olan şəxslərdə qaraciyərin piy infiltrasiyası daha da ağırlaşa bilər. Eyni zamanda, qısa müddətdə çox çəki itirən insanlarda öd kisəsinin normal fəaliyyəti pozulur və öd daşı əmələ gəlmə riski təxminən 3–4 dəfə artır. Bu isə gələcəkdə cərrahi müdaxilə tələb edən ciddi fəsadlara səbəb ola bilər.
Kalori və zülal qəbulunun azalması əzələ-skelet sisteminə də mənfi təsir edir. Orqanizm kifayət qədər protein almadıqda enerji ehtiyacını qarşılamaq üçün əzələ toxumasını parçalamağa başlayır. Nəticədə sarkopeniya – yəni əzələ kütləsinin və gücünün azalması inkişaf edir. Bu vəziyyət insanın fiziki fəaliyyətini məhdudlaşdırır, maddələr mübadiləsini daha da zəiflədir və sümüklərin möhkəmliyinə mənfi təsir göstərərək osteoporoz riskini artırır.
Kəskin pəhrizlər zamanı elektrolit balansı da pozula bilər. Kalium, natrium və maqnezium kimi vacib mineralların azalması ürək ritminin pozulmasına, ürək aritmiyalarına, halsızlığa, başgicəllənməyə və hətta həyati təhlükə yarada biləcək ağırlaşmalara səbəb ola bilər. Xüsusilə nəzarətsiz şəkildə tətbiq olunan “şok pəhrizlər” və sidikqovucu vasitələrdən istifadə bu riski daha da artırır.
Bundan əlavə, uzun müddət davam edən ciddi kalori məhdudiyyəti endokrin sistemin fəaliyyətinə mənfi təsir göstərir. Orqanizm daimi stress vəziyyətində olduğu üçün stress hormonu olan kortizolun səviyyəsi yüksəlir. Kortizolun uzun müddət yüksək qalması immun sisteminin zəifləməsinə, yuxu pozğunluqlarına, əhval dəyişikliklərinə, insulin müqavimətinin artmasına və qarın nahiyəsində piylənmənin güclənməsinə səbəb ola bilər. Qadınlarda menstrual pozğunluqlar, kişilərdə isə hormonal balansın dəyişməsi kimi problemlər də yarana bilər.
Sürətli arıqlama ilk mərhələdə uğurlu görünsə də, əksər hallarda davamlı nəticə vermir. Maddələr mübadiləsinin yavaşlaması, əzələ kütləsinin azalması və hormonal dəyişikliklər səbəbindən insanlar pəhrizi dayandırdıqdan sonra verdikləri çəkini, bəzən isə ondan da artığını geri alırlar. Buna görə də sağlam və qalıcı çəki itkisi üçün balanslaşdırılmış qidalanma, fərdi enerji ehtiyacına uyğun pəhriz, kifayət qədər protein qəbulu və müntəzəm fiziki aktivlik əsas prinsip hesab olunur. Bu yanaşma həm sağlamlığı qoruyur, həm də əldə olunan nəticələrin uzunmüddətli olmasına imkan yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB