“Dini jurnalistika daha yüksək peşəkarlıq tələb edir” - Almaz Mahmud

“Dini jurnalistika daha yüksək peşəkarlıq tələb edir” - Almaz Mahmud

“Dini savadlılıq media savadlılığının ayrılmaz hissəsidir və bu sahədə peşəkarlığın artırılmasına ciddi ehtiyac var”.

SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Teleradio Akademiyasının rektoru Almaz Mahmud “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfrans çərçivəsində “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dini mövzuların işıqlandırılmasında peşəkarlıq və maarifləndirmə ilə bağlı ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, sosial media və bəzi informasiya platformalarında dini mövzular bəzən kifayət qədər bilik və məsuliyyət olmadan təqdim edilir ki, bu da yanlış təsəvvürlərin formalaşmasına səbəb olur.

Almaz Mahmud qeyd edib ki, dini jurnalistika yalnız faktların düzgün təqdim olunması ilə məhdudlaşmır, eyni zamanda insanların inancına və mənəvi dəyərlərinə həssas yanaşmanı tələb edir. O vurğulayıb ki, dini mövzuları işıqlandıran jurnalist qərəzsiz, balanslı və məsuliyyətli olmalı, müxtəlif dini baxışlara hörmətlə yanaşmalıdır.

Rektor əlavə edib ki, Azərbaycanda dini jurnalistika üzrə ixtisaslaşmış peşəkar assosiasiyanın yaradılması bu sahədə əməkdaşlığın, təcrübə mübadiləsinin və etik standartların inkişafına töhfə verə bilər. O, həmçinin süni intellekt və vizual medianın inkişafı fonunda dini və vizual media savadlılığının artırılmasının cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə