“Dini mövzuların işıqlandırılmasında ən vacib məsələ ictimai məsuliyyət hissidir. Jurnalist hər mövzunun keçilməməli olan "qırmızı xətt"ini düzgün müəyyənləşdirməlidir”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədr müavini, əməkdar jurnalist Səadət Məmmədova “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans çərçivəsində keçirilən “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrin sürətlə inkişaf etdiyi müasir dövrdə peşəkar jurnalistikanın əsas üstünlüyü məsuliyyət və obyektivlikdir. Onun sözlərinə görə, jurnalist yazdığı sözün, paylaşdığı məlumatın və nümayiş etdirdiyi görüntünün nəticələrinə görə məsuliyyət daşımalıdır.
Səadət Məmmədova qeyd edib ki, sosial şəbəkələr artıq insanların həyatının ayrılmaz hissəsinə çevrilib və bəzi ekspertlər onları hətta müəyyən mənada “yeni din” kimi xarakterizə edirlər. O vurğulayıb ki, bu şəraitdə dini mövzuların işıqlandırılmasında təkcə peşəkarlıq deyil, ehtiyatlı yanaşma da xüsusi əhəmiyyət daşıyır.
Əməkdar jurnalist bildirib ki, din və siyasət cəmiyyətin ən həssas mövzularındandır və bu sahələrdə səsləndirilən hər fikir müxtəlif reaksiyalar doğura bilər. Onun sözlərinə görə, dini məsələlərdə tələskənlik deyil, dəqiqlik, araşdırma və məsuliyyət əsas prinsip olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB