“Dini mövzular milli birliyə xidmət etməlidir” - Gündüz İsmayılov

“Dini mövzular milli birliyə xidmət etməlidir” - Gündüz İsmayılov

“Dini mövzular heç bir halda ayrı-seçkiliyin, məzhəbçiliyin və ya bölücülüyün təşviqinə xidmət etməməlidir”.

SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans çərçivəsində keçirilən “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” adlı panel sessiyasında deyib.

O bildirib ki, son dövrlərdə sosial şəbəkələrdə və bəzi informasiya platformalarında cəmiyyətdə süni qarşıdurma yaratmağa yönəlmiş təxribat xarakterli paylaşımlar müşahidə olunur. Onun sözlərinə görə, bəzi hallarda Azərbaycanın şəhidlərinin əziz xatirəsindən belə manipulyasiya məqsədilə istifadə edilməyə çalışılır ki, bu da milli həmrəyliyə ziddir.

Gündüz İsmayılov vurğulayıb ki, Azərbaycanın əsas gücü milli birlik və qarşılıqlı hörmətdir. O qeyd edib ki, bu dəyərlərin qorunmasında ziyalıların, media nümayəndələrinin və ictimai rəy formalaşdıran şəxslərin xüsusi məsuliyyəti var.

Sədr müavini əlavə edib ki, hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, dini mövzular işıqlandırılarkən tərəfsizlik, obyektivlik və peşəkarlıq əsas prinsip olmalı, cəmiyyətə dəqiq, balanslı və etibarlı informasiya təqdim edilməlidir. Bu yanaşmanın milli birliyin möhkəmlənməsinə və sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfə verəcəyini bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə