"Ailə institutunun zəifləməsi, cəmiyyətin gələcəyini təhdid edən sosial problemdir" - Sosioloq Danışdı

"Ailə institutunun zəifləməsi, cəmiyyətin gələcəyini təhdid edən sosial problemdir" - Sosioloq Danışdı

"Boşanmaların sosial səbəbləri müxtəlif olsa da, onların əsasını adətən ailənin sosial-iqtisadi vəziyyəti, cəmiyyətdə baş verən dəyişikliklər və sosial münasibətlər təşkil edir".
Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, işsizlik, yoxsulluq və maddi çətinliklər ailədaxili gərginliyi artıran əsas amillərdəndir: "Ailənin iqtisadi təminatının zəifləməsi, maddi məsuliyyətlərin yerinə yetirilməsində yaranan problemlər tərəflər arasında münaqişələrə səbəb olur və nəticədə boşanma riskini artırır.

Boşanmalara təsir edən digər mühüm sosial səbəblərdən biri narkomaniya və alkoqolizmdir. Zərərli vərdişlər ailə münasibətlərini pozur, zorakılıq, etimadsızlıq və məsuliyyətsizlik kimi problemləri dərinləşdirir. Bu cür hallarda ailələrin boşanmaya meyli daha yüksək olur.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial-mədəni dəyişikliklər də ailə institutuna təsirsiz qalmır. Fərdiyyətçiliyin güclənməsi, şəxsi azadlığa üstünlük verilməsi və ailə məsuliyyətindən yayınmaq meyli xüsusilə gənclər arasında ailə qurmağa marağın azalmasına səbəb olur. Bu tendensiya ailə institutunun zəifləməsinə təsir edən mühüm sosial amillərdən hesab edilir.

Azərbaycanda boşanmalara səbəb olan amillər sırasında ailəyə kənar müdaxilələr də xüsusi yer tutur. Valideynlərin və yaxın qohumların ailədaxili qərarlara həddindən artıq qarışması, tərəflərə təzyiq göstərməsi və şəxsi münasibətlərə müdaxilə etməsi ailədaxili münaqişələri dərinləşdirərək boşanmalara yol aça bilir.

Ailə institutunun möhkəmləndirilməsi üçün kompleks tədbirlərə ehtiyac var. İlk növbədə gənclər arasında ailə dəyərlərinin təbliği, sağlam ailə münasibətlərinin formalaşdırılması və ailə həyatına hazırlıq istiqamətində davamlı maarifləndirmə işləri aparılmalıdır. Bu fəaliyyətlər məktəblərdə, universitetlərdə və digər gənclərlə işləyən qurumlarda həyata keçirilməlidir.

Eyni zamanda dövlət tərəfindən gənclərin ailə qurmasını təşviq edən sosial proqramların hazırlanması, mənzil, məşğulluq və sosial təminat sahəsində dəstək mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Ailə münasibətləri, valideyn məsuliyyəti və sağlam sosial davranışların təbliği istiqamətində həyata keçirilən maarifləndirici layihələr də ailə institutunun möhkəmlənməsinə töhfə verə bilər.

Nəticə etibarilə, boşanmaların artması yalnız fərdi deyil, həm də sosial problemdir. Onun qarşısının alınması üçün dövlət, təhsil müəssisələri, media və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməli, ailə institutunun qorunması və möhkəmləndirilməsi istiqamətində ardıcıl və kompleks siyasət həyata keçirilməlidir"

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə