Çimərliyə gedərkən hansı qidaları aparmaq olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI

Çimərliyə gedərkən hansı qidaları aparmaq olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI

"Bəzi qidalar var ki, xüsusilə zülal tərkibli qidalar – süd və süd məhsulları, ət və ət məhsulları, eləcə də bunlardan hazırlanan digər qidalar – daha tez xarab olmağa meyillidir. Xüsusilə temperatur yüksək olduqda onların tərkibində mikroorqanizmlər sürətlə çoxalır və bu qidaların qəbulu insan orqanizmində ciddi qida zəhərlənmələrinə səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, eyni zamanda yüksək temperatur bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaratdığına görə, hətta sağlam, keyfiyyətli və mənşəyi məlum olan qidalardan hazırlansa belə, düzgün qablaşdırılmadıqda, günəş şüaları altında qaldıqda və istiliyə məruz qaldıqda həmin qidaların keyfiyyəti pozulur:

"Azyaşlılar, yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif olan insanlar üçün bu cür zəhərlənmələr daha ciddi fəsadlarla nəticələnə bilər. Ona görə də belə qidaların dəniz kənarına aparılması tövsiyə olunmur. Şirniyyatlara gəldikdə isə, xüsusilə süd məhsullarından hazırlanan kremdən istifadə olunubsa, onlar da tez xarab olmağa meyillidir. Buna görə də bu cür qidalardan uzaq durmaq lazımdır.

Ümumiyyətlə, dənizə və ya çimərliyə aparılan qidalar sanitar-gigiyena qaydalarına uyğun, təmiz və steril şəraitdə hazırlanmalıdır. Soyuq saxlanılması vacib olan məhsullar temperaturu sabit saxlayan izotermik çantalarda və ya buz paketlərinin köməyi ilə daşınmalıdır. Həmçinin daha gec xarab olan qidaların seçilməsi məqsədəuyğundur. Yaxşı olar ki, daha çox yerli, mövsümi meyvə və tərəvəzlərdən istifadə olunsun, əsas içki kimi isə sadə su seçilsin. Qurudulmuş meyvələr, qoz, fındıq və digər çərəzlər aşağı risk qrupuna aid olduqları və uzun müddət enerji verdikləri üçün dəniz kənarına aparılması tövsiyə olunan qidalardandır.

Bundan əlavə, tərkibində ət olmayan çörək və ya lavaş arasında hazırlanmış sendviçlər də uyğun seçim ola bilər. Bu sendviçlər təzə tərəvəzlərlə hazırlandıqda həm gün ərzində toxluq hissi yaradır, həm də digər qidalara nisbətən daha gec xarab olur. Qarışıq yeməkləri əvvəlcədən tam şəkildə hazırlamaq əvəzinə, ərzaqları ayrı-ayrılıqda saxlamaq və istehlak zamanı birləşdirmək daha məqsədəuyğundur.

Əgər paketlənmiş qidalardan istifadə olunursa, qablaşdırmanın zədələnmədiyinə, məhsulun üzərində istehsalçı məlumatlarının və mənşəyinin aydın şəkildə göstərildiyinə diqqət yetirilməlidir. Bir çox hallarda dəniz kənarında və ya nəzarətdən kənar yerlərdə mənşəyi məlum olmayan qidalar satılır. Bu məhsulların tərkibi sağlamlıq üçün müxtəlif risklər yarada bilər. Hər bir paketlənmiş məhsulun üzərində göstərilən saxlanma temperaturuna və açıldıqdan sonra istifadə müddətinə mütləq riayət edilməlidir. Əks halda, məhsulun tərkibi pozula və sağlamlığa zərər verə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə