Tez-tez avtobus sürücüləri ilə sərnişinlər arasında mübahisələr yaşanır. Ümumilikdə sürücü-sərnişin münasibətlərində balans necə qorunmalıdır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, avtobus sürücüləri ilə sərnişinlər arasında münasibətlərin tənzimlənməsi son vaxtlar aqressiv xarakter almağa başlayıb:
“Təəssüf ki, burada diqqət çəkən bir neçə məqam var. Əvvəllər də belə hadisələr baş verirdi. Lakin son iki-üç il ərzində nə sosial şəbəkələrdə, nə də mediada bununla bağlı geniş müzakirələr aparılmırdı. Son bir neçə ayda isə bu mövzu demək olar ki, hər gün və ya hər həftə gündəmə gəlir.
Çox təəssüf ki, belə hallarda sürücülərlə sərnişinlər arasında münasibətlərin tənzimlənməsində düzgün yanaşma müşahidə olunmur. İnsanlar bir-biri ilə daha aqressiv, yüksək və sərt tonda danışır, ən kiçik mübahisəni belə telefonla çəkərək video və ya foto şəklində sosial şəbəkələrdə paylaşırlar. Bu isə insanların bir-birinə qarşı münasibətlərinin getdikcə pisləşdiyini göstərir.
Bəs sağlam münasibətlər necə qorunmalıdır? İlk növbədə hər bir vətəndaş məsuliyyətli davranmalıdır. İnsanlar bir-biri ilə qarşılıqlı hörmət və nəzakət çərçivəsində, sakit və səmimi şəkildə ünsiyyət qurmalıdırlar. Əks halda bu cür davranışlar münasibətlərin daha da gərginləşməsinə, insanların bir-birinə qarşı aqressivləşməsinə və cəmiyyətə mənfi təsir göstərməsinə səbəb olacaq.
Ona görə də çalışmalıyıq ki, bu münasibətlərin pozulmasına səbəb olan addımlardan çəkinək. Sürücülər də öz peşələrinin məsuliyyətini dərk etməli, sərnişinlərlə peşəkar davranmalıdırlar. Vətəndaşlar da münasibətlərini qarşılıqlı hörmət əsasında qurmalıdırlar.
Sərnişinlər bir məqamı da nəzərə almalıdırlar ki, sürücünün şəxsiyyətini deyil, göstərdiyi xidməti qiymətləndirməlidirlər. Yəni onun şəxsi keyfiyyətləri deyil, peşə fəaliyyətinin səviyyəsi ön planda olmalıdır. Sürücü də öz işinin məsuliyyətini və dəyərini bilməlidir.
Eyni zamanda sərnişin də istifadə etdiyi xidmətin keyfiyyətini və ona hansı şəraitdə xidmət göstərildiyini nəzərə alaraq obyektiv qiymətləndirmə aparmalıdır. Münasibətlər məhz bu prinsiplər üzərində qurulmalıdır.
Burada söhbət “yaxşı insan” olmaqdan deyil, öz vəzifəsini peşəkar şəkildə yerinə yetirən sürücüdən və ictimai nəqliyyatda mədəni davranan sərnişindən gedir. Yəni avtobusda yüksək səslə telefonla danışmayan, qulaqcıqdan gələn səs ilə başqalarını narahat etməyən, digər sərnişinlərin rahatlığını pozmayan və cəmiyyətə mənfi enerji ötürməyən insanlar olmalıdır. Belə davranışlar ümumi ictimai mədəniyyətin formalaşmasına və sağlam münasibətlərin qorunmasına xidmət edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB