"Antibiotik qəbul edən hər kəsdə göbələk infeksiyası yaranacağı fikri doğru deyil"

"Antibiotik qəbul edən hər kəsdə göbələk infeksiyası yaranacağı fikri doğru deyil"

"Antibiotiklər bakterial infeksiyaların müalicəsində ən mühüm dərman vasitələrindən biridir".Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.

Onun sözlərinə görə görə, lakin son illər cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri də budur ki, antibiotik qəbul edən hər kəs mütləq göbələk əleyhinə preparatlardan da istifadə etməlidir:

"Bu yanaşma elmi əsaslara söykənmir və bəzi hallarda sağlamlıq üçün əlavə risklər yarada bilər.
Antibiotiklər xəstəlik törədən bakteriyaları məhv etməklə yanaşı, orqanizmin normal mikroflorasının bir hissəsinə də təsir göstərə bilər. Bu dəyişiklik bəzi insanlarda ağız boşluğunda, bağırsaqlarda və ya cinsiyyət yollarında Candida cinsinə aid göbələklərin çoxalmasına şərait yarada bilər.

Ancaq bu, bütün xəstələrdə baş vermir. Deməli, antibiotik qəbul edən hər kəsdə göbələk infeksiyası yaranacağı fikri doğru deyil. Məhz buna görə də antibiotik müalicəsindən sonra profilaktik məqsədlə göbələk əleyhinə dərmanların qəbul edilməsi tibbi protokollarla tövsiyə olunmur.

Bu preparatlar yalnız həkim tərəfindən göbələk infeksiyası diaqnozu qoyulduqda və ya xəstənin yüksək risk qrupuna aid olduğu müəyyən edildikdə istifadə olunmalıdır. Göbələk əleyhinə dərmanların səbəbsiz qəbulu zərərsiz deyil.

Bu preparatlar qaraciyər funksiyasına mənfi təsir göstərə, ürək ritminə təsir edən və ya digər dərmanlarla təhlükəli qarşılıqlı təsirlər yarada, allergik reaksiyalara səbəb ola bilər. Bundan əlavə, onların nəzarətsiz istifadəsi göbələklərdə dərmanlara qarşı davamlılığın inkişafına gətirib çıxarır ki, bu da gələcəkdə yaranan infeksiyaların müalicəsini xeyli çətinləşdirir.

Bəs hansı hallarda göbələk əleyhinə preparatlar lazım ola bilər? Əgər antibiotik müalicəsi fonunda ağız boşluğunda ağ ərp, udqunarkən ağrı, cinsiyyət nahiyəsində qaşınma, yanğı hissi, ağ rəngli pendirəbənzər ifrazat və ya digər göbələk infeksiyasını düşündürən əlamətlər meydana çıxarsa, mütləq həkimə müraciət edilməlidir.

Bundan başqa, immun sistemi zəif olan, şəkərli diabetdən əziyyət çəkən, onkoloji xəstəliklərə görə kimyaterapiya alan, orqan transplantasiyası keçirilən və ya uzunmüddətli, yüksək dozalı antibiotik müalicəsi alan şəxslərdə profilaktik müalicəyə ehtiyac yarana bilər. Lakin belə qərarı yalnız həkim verməlidir.

Antibiotiklərin düzgün istifadəsi onların effektivliyini qorumaqla yanaşı, əlavə problemlərin də qarşısını alır. Xəstələr antibiotiki yalnız həkim təyin etdikdə qəbul etməli, müalicə kursunu vaxtından əvvəl dayandırmamalı və özbaşına əlavə dərmanlar qəbul etməməlidirlər.

Sağlamlığın qorunmasının ən etibarlı yolu sosial şəbəkələrdə yayılan məsləhətlərə deyil, elmi sübutlara və həkim tövsiyələrinə əsaslanmaqdır. Unutmayaq ki, hər antibiotikdən sonra göbələk əleyhinə dərman qəbul etmək nə zəruridir, nə də təhlükəsizdir.

Dərmanların yalnız tibbi göstəriş əsasında istifadəsi həm fərdi sağlamlığın, həm də cəmiyyətdə dərmanlara qarşı davamlılığın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə