"Uşağın beyni həyatı yaşayaraq inkişaf edir” - PSİXOLOQ

"Uşağın beyni həyatı yaşayaraq inkişaf edir” - PSİXOLOQ

"Bu gün valideynlərin ən çox narahat olduğu mövzulardan biri məhz budur. Çünki telefon və planşet artıq həyatımızın bir hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə bildirib.

Onun sözlərinə görə, uşağın beyni böyüklərin beynindən fərqli işləyir:

"Erkən yaşlarda beyin sürətlə inkişaf edir və bu inkişafın əsas qidası ekran deyil, real həyat təcrübələridir.
Məsələn, çox valideyn düşünür ki, uşaq telefondan rəngləri, hərfləri və ya sözləri öyrənirsə, bu onun inkişafına fayda verir.

Amma araşdırmalar göstərir ki, kiçik yaşlı uşaqlar eyni məlumatı ekrandan deyil, real təcrübə zamanı daha yaxşı mənimsəyirlər. Yəni uşaq qırmızı rəngi telefonda görməkdənsə, qırmızı topu əlinə alıb onunla oynayanda, valideyni ilə bu barədə danışanda beyni həmin məlumatı daha effektiv öyrənir.

Bundan əlavə, problem təkcə ekranın neçə saat istifadə olunması deyil. Əsas məsələ odur ki, ekran uşağın həyatında nəyin yerini tutur. Əgər telefon oyunun, hərəkətin, kitab oxumağın, ailə ilə ünsiyyətin və ya yaşıdları ilə oynamağın yerini alırsa, artıq bu, uşağın inkişafına mənfi təsir göstərə bilər.
Sosial bacarıqlar ekrandan öyrənilmir. Empatiya qurmaq, növbə gözləmək, duyğuları tanımaq, problem həll etmək və ünsiyyət bacarıqları yalnız insanlarla qarşılıqlı münasibətdə formalaşır.

Uzun müddət və nəzarətsiz ekran istifadəsi isə bəzi uşaqlarda diqqət problemləri, dil inkişafında ləngimə, emosiyaları tənzimləməkdə çətinlik və davranış problemləri ilə əlaqələndirilir.
Valideynlərə hər zaman qeyd etdiyim nüans telefonu tamamilə qadağan etmək deyil, onu uşağın həyatının mərkəzinə çevirməməkdir. Uşaq gün ərzində kifayət qədər hərəkət edirsə, açıq havada vaxt keçirirsə, valideyni ilə oynayır, söhbət edir və keyfiyyətli ünsiyyət qurursa, bu, onun inkişafı üçün ekrandan qat-qat dəyərlidir.
Çünki uşağın beyni ən yaxşı şəkildə ekrana baxaraq yox, həyatı yaşayaraq inkişaf edir".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə