"Məhsulun qiyməti onun keyfiyyətinin yeganə göstəricisi deyil" - EKSPERT AÇIQLADI
"Eyni və ya oxşar tərkibli qida məhsullarının fərqli qiymətə satılması hər zaman keyfiyyət fərqindən xəbər vermir. Qiymətə təsir edən amillər yalnız məhsulun tərkibi ilə məhdudlaşmır".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, brendin tanınmış olması, qablaşdırmanın dizaynı və keyfiyyəti, reklam və marketinq xərcləri, istehsal texnologiyası, logistika, idxal xərcləri, mənşə ölkəsi, eləcə də satış şəbəkəsinin qiymət siyasəti məhsulun son qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər:
"Məsələn, iki məhsulun tərkibi və qida dəyəri demək olar ki, eyni ola bilər. Lakin tanınmış brendə məxsus olan məhsul reklam və brend dəyərinə görə daha baha satıla bilər. Digər tərəfdən, bəzi hallarda yüksək qiymət həqiqətən də daha keyfiyyətli xammaldan istifadə olunması, daha ciddi keyfiyyətə nəzarət sistemi və ya daha müasir istehsal texnologiyası ilə əlaqəli ola bilər. Yəni bunu hər bir məhsul üzrə ayrıca qiymətləndirmək lazımdır.
İstehlakçılar alış-veriş zamanı ilk növbədə qiymətə deyil, etiketdə göstərilən məlumatlara diqqət yetirməlidirlər. Tərkib siyahısı, qida dəyəri, istehsal və son istifadə tarixi, saxlanma şəraiti, eləcə də istehsalçı haqqında məlumat məhsulun qiymətindən daha obyektiv göstəricilər hesab olunur.
Bahalı məhsulun həmişə daha keyfiyyətli olduğunu düşünmək düzgün yanaşma deyil. Bəzən daha münasib qiymətə satılan məhsul tərkibinə və qida dəyərinə görə bahalı analoqu ilə eyni səviyyədə ola bilər. Buna görə də istehlakçılar seçim edərkən qiymətdən daha çox məhsulun tərkibini, təhlükəsizliyini və öz qidalanma ehtiyaclarını əsas götürməlidirlər. Düzgün seçim məlumatlı istehlakçı olmaqdan keçir. Yüksək qiymət isə hər zaman yüksək keyfiyyət demək deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB