"Vaxtı itirmək həyatın imkanlarını itirməkdir" - SOSİOLOQ DANIŞDI

"Vaxtı itirmək həyatın imkanlarını itirməkdir" - SOSİOLOQ DANIŞDI

"İndiki dövrdə insanın öz zamanını düzgün və səmərəli idarə etməsi ən aktual məsələlərdən biridir. Bu problemin həm sosial, həm iqtisadi, həm də psixoloji səbəbləri mövcuddur".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Təxminən 30–35 il əvvəl insanların gündəlik həyat rejimi daha nizamlı və intizamlı idi. Bu dövr əsasən sovet dövrünə təsadüf edirdi. İnsanların böyük hissəsi sovxoz və kolxozlarda, kənd təsərrüfatında, istehsalat sahələrində və müəyyən edilmiş iş yerlərində çalışırdı. Həyat daha standart idi, iş qrafikləri konkret idi və insanların vaxt bölgüsü daha çox sistem daxilində formalaşırdı.

O dövrdə əlavə gəlir mənbələri və ya eyni anda bir neçə yerdə işləmək bugünkü qədər yayğın deyildi. Ailələrdə əmək bölgüsü daha geniş idi və insanların istirahətə, mütaliəyə və sosial həyata daha çox vaxt ayırmaq imkanları olurdu.

Son 15 ildə isə həyat ritmi ciddi şəkildə dəyişib. Bunun əsas səbəblərindən biri internet və xüsusilə sosial şəbəkələrin geniş yayılmasıdır. Qısa videolar, canlı yayımlar və davamlı informasiya axını insanların gündəlik vaxt bölgüsünə ciddi təsir göstərir. İnsanlar saatlarla ekran qarşısında vaxt keçirir, nəticədə yuxu rejimi pozulur.

Yuxu rejiminin pozulması isə birbaşa olaraq psixoloji gərginlik, diqqət azalması, əsəbilik və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Gec yatıb səhər erkən oyanan insan gün ərzində həm fiziki, həm də zehni yorğunluq yaşayır. Bu hal ailə münasibətlərinə, iş keyfiyyətinə və ümumi həyat ritminə təsir edir.

Digər mühüm səbəb iqtisadi amillərlə bağlıdır. Müasir dövrdə insanların maddi gözləntiləri artıb — daha yaxşı yaşayış şəraiti, ev, avtomobil və sosial təminat üçün daha çox işləmək ehtiyacı yaranıb. Bir çox insan əlavə işlər görür, bəziləri isə onlayn fəaliyyət göstərdiyi üçün gecə saatlarına qədər işləyir. Bu da zamanın idarə edilməsini çətinləşdirir.

Eyni zamanda mütaliəyə ayrılan vaxtın azalması da diqqət çəkən məsələdir. İnsanlar dərin bilik və düşüncə formalaşdıran fəaliyyətlərə daha az vaxt ayırır, bunun yerini isə tez istehlak olunan informasiya tutur.

Məncə, bu problemin həlli ilk növbədə insanın özündən başlayır. İnsan öz rejiminə qarşı tələbkar olmalı, yuxu, iş və istirahət balansını qorumalıdır. Zaman düzgün idarə edilmədikdə insan nə fiziki, nə də intellektual potensialını tam reallaşdıra bilir. Vaxt insanın ən məhdud və geri qaytarılmayan resursudur və ona uyğun yanaşmaq vacibdir.

İslamın böyük imamı Əli İbn Əbutalibin zamanın mahiyyəti barədə bir kəlamı var “zaman qılınc kimidir sən onu kəszməszən o səni kəsər”.Bu kəlam zamanın nə qədər əhəmiyyətli bir nemət oluğunu birdaha bəyan edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə