"Bitki tərkibli olması məhsulun təhlükəsiz və faydalı olduğu anlamına gəlmir" – MÜTƏXƏSSİS

"Bitki tərkibli olması məhsulun təhlükəsiz və faydalı olduğu anlamına gəlmir" – MÜTƏXƏSSİS

"Arıqlama çayları, kapsulları və digər bu tip məhsulların böyük əksəriyyəti insanların etibarını qazanmaq üçün "bitki mənşəli" adı altında təqdim olunur".

Bu fikirləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, hər hansı məhsulun bitki tərkibli olması onun zərərsiz və ya faydalı olması demək deyil:

"Hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, yan təsirləri də mövcuddur. Əgər bitki mənşəli hər hansı çay və ya kapsul insanın arıqlamasına səbəb olursa, bu, əksər hallarda orqanizmin təbii fəaliyyətinə süni müdaxilə hesab olunur.

Belə məhsullar maddələr mübadiləsini süni şəkildə sürətləndirə, ishal və ya qusmaya səbəb ola bilər. Nəticədə orqanizmdən vitamin və minerallar itirilir, bağırsaq mikroflorası pozulur və immun sistemi zəifləyir. Bu isə müxtəlif sağlamlıq problemlərinin, o cümlədən autoimmun xəstəliklərin yaranma riskini artırır.

Bu məhsullar həkim məsləhəti olmadan, nəzarətsiz şəkildə qəbul edildikdə daha ciddi fəsadlar yarada bilər. Vitamin və mineral çatışmazlığı saç tökülməsi, dırnaqların qırılması, dəri problemləri, mədə-bağırsaq pozğunluqları, daxili orqanların fəaliyyətinin zəifləməsi və hətta ağır qidalanma pozuntularına gətirib çıxara bilər.

Xüsusilə gənc xanımlar bu cür məhsullardan istifadə edərkən daha diqqətli olmalıdırlar. Hamiləlikdən əvvəl və ya reproduktiv dövrdə bu vasitələrin qəbulu gələcəkdə həm ana, həm də körpənin sağlamlığı üçün risk yarada bilər.

İmmunitetin zəifləməsi, qanazlığı, vitamin və mineral çatışmazlığı orqanizmdə bir çox sistemlərin normal fəaliyyətini poza bilər. Uzunmüddətli və nəzarətsiz istifadə isə şəkərli diabet, mədəaltı vəzinin funksional pozğunluqları və digər ciddi xəstəliklərin inkişaf riskini artıra bilər. Orqanizmin təbii fəaliyyətinə edilən hər bir süni müdaxilə müəyyən təhlükələr daşıyır.

Digər mühüm məqam isə bu məhsulların əsasən reklam olunmasıdır. Çox vaxt onların harada istehsal edildiyi, tərkibi, mənşəyi və istehsalçı şirkət barədə etibarlı məlumat olmur. Hər hansı zəhərlənmə və ya ağırlaşma baş verdikdə isə insanlar hara müraciət etməli olduqlarını belə bilmirlər. Təəssüf ki, bu cür halların çoxu artıq gec mərhələdə aşkar edilir.

Belə məhsulların reklamında tez-tez müğənnilər, bloqerlər və digər tanınmış simalardan istifadə olunur. Halbuki onların bəzilərinin arıqlaması cərrahi əməliyyatlar və ya estetik müdaxilələr nəticəsində əldə olunub. Buna baxmayaraq, həmin şəxslər reklam vasitəsilə insanlarda bu nəticənin yalnız çay və ya kapsul hesabına əldə edildiyi təəssüratı yaradırlar.

Əgər məqsəd sağlam çəkiyə sahib olmaqdırsa, bunun yeganə düzgün yolu sağlam qidalanma, kifayət qədər yuxu, gündəlik fiziki aktivlik və düzgün həyat tərzidir. Arıqlama vəd edən digər vasitələr isə əksər hallarda orqanizmin təbii proseslərinə süni müdaxilə etdiyi üçün müəyyən fəsadlar yaradır.

Bəzi insanlar tez nəticə əldə etmək və ya zəhmətdən qaçmaq istədikləri üçün bu reklamlara aldanırlar. Lakin bir ay ərzində 7–12 kiloqram arıqlama vədləri sağlam hesab edilə bilməz. Bu qədər sürətli çəki itkisi əsasən əzələ kütləsinin azalmasına, dərinin sallanmasına və sonradan bərpası çətin olan sağlamlıq problemlərinə səbəb olur.

Ona görə də bitki tərkibli məhsullara yalnız "orqanik" və ya "faydalı" olduğu düşüncəsi ilə yanaşmaq düzgün deyil. İstənilən arıqlama vasitəsindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək və sağlam həyat tərzinə üstünlük vermək lazımdır".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə