İnsanlar gündəlik qida məhsulları alarkən ən çox hansı reklam və marketinq üsullarının təsiri altına düşürlər? - EKSPERT DANIŞDI

İnsanlar gündəlik qida məhsulları alarkən ən çox hansı reklam və marketinq üsullarının təsiri altına düşürlər? - EKSPERT DANIŞDI

"İstehlakçılar gündəlik qida məhsulları alarkən onların üzərində "təbii", "orqanik", "şəkərsiz", "qatqısız", "fermer məhsulu", "kənd məhsulu" və "premium məhsul" kimi müxtəlif ifadələrlə rastlaşırlar. Lakin bu ifadələrin məhsulun üzərində istifadə olunması üçün istehsalçı müəssisənin qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab verməsi və müvafiq hüquqa malik olması vacibdir".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, əgər müəssisə qida təhlükəsizliyi və sertifikatlaşdırma tələblərinə uyğun olaraq orqanik istehsalçı kimi qeydiyyatdan keçibsə, həmin məhsulun orqanik və ya təbii olması ilə bağlı iddialara etibar etmək mümkündür. Əks halda, bu cür ifadələrin məhsulun üzərində qeyd edilməsi istehlakçılarda yanlış təsəvvür yarada bilər:

"Orqanik məhsulların xarici bazarlara ixracı zamanı da ciddi yoxlamalar aparılır. Bunun əsas səbəbi həmin məhsulların beynəlxalq orqanik standartlara həqiqətən uyğun olub-olmamasının müəyyən edilməsidir. Məsələn, heyvan mənşəli məhsulların orqanik hesab olunması üçün təkcə son məhsul deyil, həm də heyvanın saxlanma və qidalanma şəraiti qiymətləndirilir.

Əgər məhsul yalnız daxili bazar üçün nəzərdə tutulubsa belə, "orqanik" adı ilə satışa çıxarılması üçün müvafiq sertifikatlaşdırma tələblərinə cavab verməlidir.

"Şəkərsiz" və ya "qatqısız" kimi ifadələrin doğruluğu isə yalnız laborator analizlər vasitəsilə müəyyən edilə bilər. Bu analizlər məhsulun tərkibində şəkərin və ya qida əlavələrinin olub-olmadığını dəqiq şəkildə müəyyən etməyə imkan verir.

Azərbaycan Respublikasının "Qida Təhlükəsizliyi haqqında" 523 nömrəli Qanununun 17.2-ci maddəsinə əsasən, istehlakçılar məhsulu alarkən onun etiketində göstərilən məlumatlarla tanış olmaq hüququna malikdirlər. Buraya məhsulun tərkibi, qida əlavələri, istehsal və son istifadə tarixi, saxlanma şəraiti, temperatur və rütubət göstəriciləri, həmçinin 100 qram məhsul üzrə qida və enerji dəyəri haqqında məlumatlar daxildir.

İstehlakçılara tövsiyəm odur ki, məhsul seçərkən yalnız qablaşdırmanın görünüşünə və reklam xarakterli yazılara deyil, həm də etiketdə qeyd olunan məlumatlara, məhsulun tərkibinə və qida dəyərinə diqqət yetirsinlər. Marketlərdə və ya bazarlarda alış-veriş zamanı məlumatlı seçim etmək həm sağlamlığın qorunması, həm də təhlükəsiz qidalanma baxımından böyük əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə