Su anbarlarında və göllərdə yosunların çoxalmasının əsas səbəbləri hansılardır? - EKOLOQ DANIŞDI

Su anbarlarında və göllərdə yosunların çoxalmasının əsas səbəbləri hansılardır? - EKOLOQ DANIŞDI

"Yosunlar su ekosisteminin təbii tərkib hissəsidir və canlı orqanizmlərdir. Onlar müəyyən dövrlərdə dənizlərdə, göllərdə, su anbarlarında və digər su hövzələrində əmələ gəlirlər. Yosunların çoxalması əsasən suyun temperaturundan, günəş işığından və qida maddələrinin miqdarından asılıdır".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, əlverişli şərait yarandıqda onların miqdarı artır, şərait dəyişdikdə isə təbii şəkildə azalır:

"Ümumiyyətlə, yosunların mövcudluğu təbii prosesdir və normal həddə olduqda ekosistem üçün zərərli hesab edilmir. Əksinə, onlar bir çox su canlıları üçün qida mənbəyidir və su ekosisteminin tarazlığının qorunmasında mühüm rol oynayırlar.

Əgər söhbət içməli su məqsədilə istifadə olunan su anbarlarından gedirsə, həmin sular istehlakçılara çatdırılmazdan əvvəl filtrasiya və təmizlənmə mərhələlərindən keçirilir. Bu səbəbdən suyun keyfiyyətinə nəzarət müvafiq qurumlar tərəfindən təmin edilir.

Yosunların bəzi növləri müxtəlif sahələrdə, o cümlədən kosmetologiya və qida sənayesində istifadə olunur. Xüsusilə bəzi yosun növlərinin dəri sağlamlığı üçün faydalı xüsusiyyətlərə malik olduğu məlumdur.

Bununla belə, su anbarlarında və rezervuarlarda yosunların həddindən artıq çoxalması müşahidə olunarsa, onların vaxtında təmizlənməsi vacibdir. Bu, həmin su təsərrüfatı obyektlərinin istismarına cavabdeh olan qurumların və mütəxəssislərin üzərinə düşən əsas vəzifələrdən biridir.

Nəticə etibarilə, təbii şəraitdə əmələ gələn yosunlar normal həddə olduqda nə insan sağlamlığına, nə də su hövzələrində yaşayan canlılara zərər verir. Əksinə, onlar ekosistemin təbii və vacib elementlərindən biridir və bir çox canlı növü üçün qida mənbəyi rolunu oynayırlar".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə