Yay tətili başlayandan sonra uşaqların gününün böyük hissəsi telefon və planşet qarşısında keçir. Valideynlər isə həm ekran vaxtının artmasından, həm də bunun uşaqların davranışına və sağlamlığına təsirindən narahatdır. Bəs valideynlər nə etməlidir ki, uşaqlar telefonla deyil, yay tətili ilə məşğul olsun? Yayda uşaqlarda telefon asılılığı niyə artır? Valideynlər telefonu qadağan etməlidir, yoxsa məhdudlaşdırmalıdır ?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, uşaqları nə ilə tanış ediriksə, buna diqqət etməliyik:
“Əgər əvvəlcə onu telefonla tanış ediriksə, sonradan telefonu cəza məqsədilə əlindən almaq və ya “heç vaxt oynamayacaqsan, baxmayacaqsan” demək düzgün deyil.
Əlbəttə ki, uşağı telefonla tanış edərkən onu müəyyən qaydalarla da tanış etməliyik ki, sonradan problem yaşamayaq. Əsas məsələlərdən biri budur.
Amma təəssüf ki, indi bunu etmək çətindir. Çünki bütün valideynlər eyni problemlə müraciət edirlər. Deyirlər ki, yay gələndə uşaqlar sevinir, biz isə narahat oluruq. Mən də həmişə soruşuram ki, niyə belə olur? Çünki məktəb vaxtı uşağa gündə bir saat telefon verilirdisə, yayda artıq buna nəzarət edə bilmirlər.
Bilirsiniz ki, elə valideynlər var, yay boyu işləyirlər. Bəziləri isə cəmi bir həftə məzuniyyət götürə bilir. Nəticədə uşaq nəzarətsiz qalır və bütün gününü telefonda keçirir.
Əlbəttə ki, yay tətili əvvəlcədən planlaşdırılmalıdır. Yay tətilini planlaşdırmaq üçün uşağı mütləq hazırlığa, kursa və ya müəllim yanına göndərmək lazım deyil. Onsuz da orada bir-iki saat qalıb evə gələcək və yenə nəzarətsiz qalacaq. Onun üçün yay tətili elə yay tətilidir.
Düşünürəm ki, uşaqlar üçün ən gözəl fəaliyyətlərdən biri valideynlərlə vaxt keçirməkdir. Amma işləyən valideynlər üçün bunun çətin olduğunu da başa düşürəm. Nə qədər desəm də, hər zaman mümkün olmur.
Valideynlər bunu növbəli şəkildə edə bilərlər. Məsələn, bir müddət ata ilə, sonra ana ilə vaxt keçirsin. Tək valideynli ailələrdə də ata və ya ana öz vaxtını düzgün bölüşdürə bilər.
Ən vacibi uşaqları faydalı fəaliyyətlərə cəlb etməkdir. Biz bəzən uşaqlarımızı həddindən artıq qoruyuruq. “Həyətə düşməsin, çölə çıxmasın, nəsə olar” deyə narahat oluruq. Amma biz də həyətə çıxmışıq. Uşaq həyətə çıxmalıdır, dostları olmalıdır, öz çevrəsi formalaşmalıdır. Bu da onu telefondan müəyyən qədər uzaqlaşdıracaq.
Artıq bir çox ölkələrdə rəqəmsal təhlükəsizliklə bağlı müəyyən qaydalar tətbiq olunur. Məsələn, bəzi yerlərdə 16 yaşa qədər uşaqlar üçün sosial şəbəkələrə giriş məhdudlaşdırılır, məktəblərdə telefon istifadəsi qadağan edilir. Bunlar artıq problemin mövcud olduğunu göstərir.
Amma bir şeyi də nəzərə almalıyıq. Bəzi uşaqların dərsləri də, sosial həyatı da müəyyən qədər rəqəmsal mühitdədir. Ona görə də onları birdən-birə bundan uzaqlaşdırmaq düzgün deyil.
Uşağa axşam bir saat telefon vermisinizsə, mütləq nəzarət edin. Telefonu nə vaxt kənara qoyduğunu izləyin. Özünüz yatmağa tələsməyin, yanında oturun, telefonu əlindən alın, sonra yatın. Çünki uşaqlar ən çox gecə saatlarında telefondan istifadə edirlər.
Valideynlərin şikayətlərindən bunu tez-tez müşahidə edirəm. Gün ərzində telefona baxır, oynayır, qoyur. Amma axşam telefonu əlinə alır və səhərə qədər istifadə edir. Telefonu yataqda, hətta yastığının altında saxlamaq düzgün deyil. Üstəlik, səhər oyanan kimi ilk gördüyü də telefon olur.
Tibb sahəsində oxuyan tələbələrim də deyirlər ki, yuxudan oyananda beynimiz dopamin istəyir. Telefonu əlimizə götürəndə dopamin artır, amma bir müddət sonra enerji yenidən kəskin şəkildə düşür. Bu da orqanizmə mənfi təsir göstərir.
Tətilə çıxanlara da, tətildən qayıdanlara da eyni tövsiyəni verirəm. Tətilə gedənə qədər özümüzü həddindən artıq yormamalıyıq ki, istirahətimiz keyfiyyətli olsun. Tətil bitəndən sonra da iş rejiminə tədricən qayıtmalıyıq. Keçid birdən-birə olmamalıdır.
Uşaqlarda da eyni qayda keçərlidir. Gün ərzində cəmi beş-on, iyirmi dəqiqə hər hansı faydalı fəaliyyətlə məşğul olmaq onların bacarıqlarını qorumaq üçün kifayətdir. Amma uşağı saatlarla hazırlığa və ya kurslara göndərmək düzgün yanaşma deyil.
Məsələn, yay məktəbləri var. Açığı, dərs yükü olan yay məktəblərini bəyənmirəm. Uşaq onsuz da doqquz ay ərzində kifayət qədər yorulur. Tədris proqramı ağırdır. İndiki uşaqlar bizim dövrümüzdəki kimi rahat oxumurlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB