Dövlət Komitəsinin sədri Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində iyulun 9-da Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb.
SİA xəbər verir ki, görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəm təməlini qarşılıqlı hörmət, ümumbəşəri dəyərlərə sadiqlik təşkil edir. İkitərəfli əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu mühüm rol oynayıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan–Vatikan əməkdaşlığının yeni məzmunla zənginləşməsinə şərait yaradıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması, dini və tarixi abidələrin bərpası, eləcə də sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələrin dostluq və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Ramin Məmmədov bildirib ki, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri üçün qarşılıqlı hörmət əsasında birgəyaşayış mühitinin qorunması, multikultural dəyərlərin yaşadılması və bu sahədə formalaşmış təcrübənin beynəlxalq müstəvidə tanıdılması priroritet istiqamətlərdən biridir.
Azərbaycan ilə Vatikan arasındakı yüksəksəviyyəli tərəfdaşlıq humanitar əməkdaşlığın möhkəmlənməsinə, dinlərarası dialoqun təşviqinə və yeni birgə təşəbbüslərin reallaşdırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan birbaşa təmasların davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ölkəmizə səfərini məmnunluqla xatırlayaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, dini müxtəlifliyə əsaslanan tolerantlıq mühitinin qorunması istiqamətində həyata keçirilən siyasət barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin qarşılıqlı etimada əsaslandığını qeyd edərək, humanitar, elmi və mədəni sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Səmərəli fikir mübadiləsi şəraitində keçirilən görüşdə Azərbaycan-Vatikan diplomatik əlaqələrin 35 illiyi münasibətilə planlaşdırılan tədbirlər, həmçinin Vatikanın müvafiq qurumları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihələri barədə müzakirə aparılıb.
Qeyd edək ki, görüşdə Vatikan Apostol Arxivinin prefekti Don Roko Ronzani, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB