"Son dövrlər su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri fonunda şəhərlərdə dekorativ fəvvarələrin fəaliyyəti və yaşıllıqların suvarılması məsələsi daha çox müzakirə olunur. Bəziləri hesab edir ki, suya qənaət məqsədilə fəvvarələr dayandırılmalı, yaşıllıqların suvarılması isə məhdudlaşdırılmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu məsələyə yalnız su sərfiyyatı prizmasından yanaşmaq düzgün deyil. İqlim şəraiti, su ehtiyatlarının vəziyyəti və istifadə olunan texnologiyalar mütləq nəzərə alınmalıdır:
"Dekorativ fəvvarələrə gəldikdə isə, əsas məsələ onların hansı sistemlə işləməsidir. Əgər fəvvarələr qapalı dövriyyə sistemi ilə fəaliyyət göstərirsə, yəni eyni su təkrar istifadə olunur və yalnız buxarlanma və texniki itkilər qədər əlavə su verilir, bu zaman ciddi problem yaranmır. Belə sistemlərdə su sərfiyyatı düşündüyümüz qədər yüksək olmur. Lakin daim təzə su ilə işləyən fəvvarələr, xüsusilə su qıtlığı yaşanan bölgələr üçün məqsədəuyğun hesab edilmir.
Yaşıllıqlar isə şəhər üçün yalnız estetik element deyil. Ağaclar və bitkilər havanı sərinləşdirir, iri şəhərlərdə müşahidə olunan "istilik adası" effektini azaldır, havanı tozdan təmizləyir, karbon qazını udur və oksigen istehsal edir. Bununla yanaşı, insanların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərir. Buna görə də yaşıllıqların susuz saxlanılması düzgün yanaşma hesab oluna bilməz.
Əsas məqsəd suvarmanın səmərəli təşkil edilməsidir. Bunun üçün bir neçə mühüm yanaşma tətbiq olunmalıdır. İlk növbədə, quraqlığa davamlı yerli bitki növlərinə üstünlük verilməlidir. Yaşıllıqların suvarılmasında damcı suvarma sistemlərindən istifadə olunması həm suya qənaət edir, həm də daha effektiv nəticə verir. Suvarma işlərinin səhər tezdən və ya axşam saatlarında aparılması buxarlanmanı azaltdığı üçün daha məqsədəuyğundur.
Bundan əlavə, təmizlənmiş tullantı sularının və toplanmış yağış sularının yaşıllıqların suvarılmasında istifadəsi də mühüm alternativ hesab olunur. Su qıtlığı yaşanan dövrlərdə dekorativ məqsədlərlə sudan istifadə müvəqqəti olaraq məhdudlaşdırıla bilər.
Ümumiyyətlə, su ehtiyatlarının ciddi şəkildə azaldığı dövrlərdə prioritetlər dəyişməlidir. İlk növbədə içməli su təminatı, sanitariya, kənd təsərrüfatı və həyati əhəmiyyət daşıyan xidmətlər qorunmalıdır. Şəhər abadlığı üçün ayrılan su isə mövcud ehtiyatlara uyğun şəkildə tənzimlənməlidir.
Ancaq yaşıllıqları tamamilə susuz qoymaq mümkün deyil. Çünki yaşıllıqlar olmadan şəhərlərdə sağlam və komfortlu yaşayış mühiti formalaşdırmaq mümkün deyil.
Məsələ fəvvarələrdən və ya yaşıllıqlardan imtina etmək deyil. Əsas məqsəd qənaətcil texnologiyaların tətbiqi, düzgün bitki seçimi və alternativ su mənbələrindən istifadə etməklə həm şəhərin ekoloji keyfiyyətini qorumaq, həm də su ehtiyatlarından səmərəli istifadə etməkdir. Məhz bu yanaşma davamlı şəhər idarəçiliyinin əsas prinsiplərindən biri hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB